Qardaş bacısını qətlə yetirib
27 Yanvar 2010 Çərşənbə 17:40
Kürdəmir rayonunda bacı və qardaş arasında baş verən münaqişə ölümlə nəticələnib.
Kürdəmir rayon Polis Şöbəsinin rəis müavini Natiq Əliyev APA-nın yerli bürosuna bildirib ki, Topalhəsənli kənd sakini, 1969-cu il təvəllüdlü Süleymanova Lətafət Süleyman qızının iki gün öncə itkin düşməsi barədə yanvarın 27-də səhər saatlarında rayon polis şöbəsinə məlumat daxil olub.
Polis şöbəsinin əməliyyat-istintaq qrupu dərhal qadının axtarışına başlayıb və günorta saatlarında müəyyən edilib ki, 41 yaşlı qadını qonşuluqda yaşayan doğma qardaşı 1963-cü il təvəllüdlü Süleymanov İlyas Süleyman oğlu öldürüb. İlkin dindirilmə zamanı İlyas Süleymanov hadisəni törətdiyini etiraf edib.
O, yanvarın 25-də səhər saat 6:00 radələrində bacısının yaşadığı evə getdiyini, onu kəndirlə boğaraq öldürdüyünü, sonra onun meyitini öz həyətinə gətirərək torpağa basdırdığını bildirib. Rəis müavininin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Hal-hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsində müayinə edilir. Məlumata görə, Topalhəsənli kənd orta məktəbinin ibtidai sinif müəllimi Lətafət Süleymanova həyat yoldaşından boşanıb, yeganə oğlu hazırda hərbi xidmətdədir.
L. Süleymanova ilə qardaşı İ. Süleymanov arasında söz-söhbət və dava-dalaş uzun illərdir, davam edir.
Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: