Pivə içmək üçün cinayət törətdi
10 Yanvar 2010 Bazar 13:45
Keçmiş məhkum ata və oğulu bıçaqlamaqda təqsirkar bilinir
Quba rayonunun Ağbil kəndində bıçaqlanma hadisəsi baş verib.
Rayonun Vladimorvka kənd sakini, 46 yaşlı (1964) Akif Əli oğlu Məmmədov sərxoş vəziyyətdə qonşu Ağbil kənd sakini, 25 yaşlı (1985) Sərxan Məmmədovun satıcı işlədiyi ərzaq dükana daxil olub.
Satıcıdan pivə alan A.Məmmədov içkini elə dükanda içməyə başlayıb. Buna etiraz edən S.Məmmədov dükanda pivənin içilməsinin qadağan olunduğunu xatırladaraq, mağazanı tərk etməsini tələb edib. Bundan əsəbləşən Akif cibində gəzdirdiyi bıçaqla Sərxanın üz nahiyəsinə zərbələr endirməyə başlayıb. Bu zaman mağazaya daxil olan dükanın sahibi, Sərxan Məmmədovun atası 47 yaşlı (1963) Tofiq Məmmədov oğlunu sərxoş A.Məmmədovun əlindən qurtarmağa cəhd göstərib.
Bundan qəzəblənən Akif Məmmədov Tofiq Məmmədova da bıçaq zərbələri endirib. Ondan canlarını qurtara bilməyəcəyini düşünən ata-bala dükanın qapısını içəridən bağlayıblar. Bu zaman A.Məmmədov pəncərə və şüşələri sındıraraq dükana ziyan vurub.
Quba rayon polis şöbəsinin müstəntiqi Əsgər Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə A.Məmmədovun bacısı oğlu Samir adlı bir şəxsin mağazaya gəlməsindən sonra sona çatıb.
Dayısının əlindən bıçağı almağa müvəffəq olan Samir onun polis şöbəsinə gətirilməsinə yardımçı olub.
A.Məmmədov ANS PRESS-ə müsahibəsində törətdiyi hadisədən peşman olduğunu etiraf edib.
Müstəntiq Əsgər Kazımov ANS PRESS-ə bildirib ki, bu, A.Məmmədovun törətdiyi ilk cinayət hadisəsi deyil. Belə ki, 2004-cü ilin 1 yanvarında doğma qardaşını bıçaqlayan A.Məmmədov bir müddət məhkumluq həyatı yaşayıb.
2007-ci ilin may ayında azadlığa çıxan A.Məmmədovu indi də 3 ildən 7 ilədək həbs cəzası gözləyir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 221.2 maddələri ilə cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: