Maşın ustaları...
08 Fevral 2010 Bazar Ertəsi 22:45
Bu maşın ustaları ancaq “VAZ-2107” markalı maşınların təmiri və oğurluğu ilə məşğul olurmuşlar
Xətai polisi avtomaşınların təmirilə məşğul olan iki ustanı yaxalayıb. Sən demə dəstə üzvləri avtomaşınları, təkcə təmir etmirmişlər...
Xətai rayon Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində maşın hissələrini oğurlamaqla məşğul olan dəstəni yaxalayıb. İki nəfərdən ibarət dəstə üzvləri Xətai rayonunda növbəti cinayəti törədərkən elə iş başında yaxalanıblar. Saxlanılaraq istintaqa cəlb olunanlar isə Qaradağ rayon sakinləri Məmməd Əzimov və Səbuhi Qasımov olub.
Xətai rayon Polis İdarəsinin baş müstəntiqi Vüsal Şahbazovun sözlərinə görə, onlar ötən ilin may ayından etibarən bugünkü tarixədək təkcə Xətai rayonu ərazisində 16 oğurluq hadisəsi törədib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bu 2 nəfər Qaradağ, Yasamal, Binəqədi, Səbail rayonlarında da oxşar cinayətlər törədiblər.
Oğruların hədəfi ancaq “VAZ-2107” markalı maşınlar olub. Buna səbəb isə saxlanılan şəxslərin bu markadan olan maşınların təmiri işi ilə məşğul olmaları olub. Maşınlardan oğurlananlar isə ehtiyat təkərlər, səsgücləndiricilər və maqnitafonlar olub. Bayılda yerləşən maşın təmiri sexlərindən birində usta kimi işlədiyini bildirən Səbuhi Məmmədlə 8 ildən artıq tanış olduğunu, hətta Məmmədin yanında 3 il şagirdlik etdiyini bildirib.
Oğurlanan maşın hissələrini isə Məmməd elə işlədiyi sexdə maşınlarını təmir etdirməyə gələn sürücülərə satırmış. Qeyd edək ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri sayəsində oğurlanan maşın hissələrinin bəziləri aşkar olunaraq sürücülərin özlərinə qaytarılıb.
Onların hər ikisinə qarşı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinin muvafiq bəndləri ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: