Manyaka ölüm cəzası verildi
07 Yanvar 2010 Cümə Axşamı 16:40
Cinayətkar 19 gənc qadını və qızı öldürməkdə təqsirli bilinib
Hindistanın Ali Məhkəməsi 19 gənc qadını və qızı öldürməkdə təqsirli bilinən manyak Surinder Koliyə ölüm hökmü cəzası verib. IANS agentliyinin yaydığı məlumata görə, bir neçə ildir araşdırılan bu cinayət işi ölkə tarixində ən dəhşətli hadisə hesab edilir.
Məhkəmə Kolini 14 yaşlı Rimpa Xalderin zorlanmasında və xüsusi amansızlıqla öldürülməsində təqsirli bilib. Gənc qızın bədən hissələri digər 18 qurbanın cəsədləri ilə birlikdə Kolinin xidmətçi işlədiyi evin arxasındakı su arxından tapılıb.
2006-cı ilin dekabrında polis 4 qadının və 15 qız uşağının itkin düşməsini araşdırarkən Noyda şəhərciyində bir evin ərazisindəki kanaldan parçalanmış meyit hissələri tapıb. Hadisədən sonra ev sahibi biznesmen Mahinder Sinqx Pander və onun xidmətçisi Surinder Koli həbs olunub.
Koli istintaq zamanı törətdiyi əməlləri etiraf edib. Ötən il yerli məhkəmənin hakimləri iş adamının baş vermiş cinayətlərdən xəbərsiz olmasına inanmayaraq hər iki şəxs barəsində ölüm hökmü verib.
Allahabad şəhərinin apellyasiya məhkəməsi isə ötən ilin sentyabrında iş adamının günahsız olması və təqsirinin sübuta yetirilməməsi barədə qərar qəbul edib. Bu qərar hadisə qurbanlarının yaxınları üçün gözlənilməz olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: