Rusiyanın Volqoqrad vilayətində cari ilin may ayından axtarışda olan 42 yaşlı Mamed Çopsiyev yaxalanıb. İstintaqın versiyasına görə, o və onun qardaşı Ramiz Çopsiyev Dzerjinsk rayonunun topdansatış bazarında iki azərbaycanlı sahibkara silahlı hücumda ittiham olunurlar.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, topdansatış bazarı ərazisində iki azərbaycanlı sahibkara silahlı hücum mayın 12-də qeydə alınıb. Onlardan biri karabin, digəri isə tapança ilə vurulub. Sonradan onlardan birinin meyiti Anqar gölü yaxınlığında saxlanılan avtomobildən tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, maşın bizneslə məşğul olan Çopsiyev qardaşlarından birinə məxsus olub.
Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisədə şübhəli bilinənlərin şəxsiyyəti müəyyən edildikdən sonra onlar axtarışa verilib: “Lakin həmin vaxt şübhəli şəxslərin harada olmalarını müəyyən etmək mümkün olmayıb. Qardaşlardan biri bu günlərdə yaxalanıb, digərinin axtarışı isə davam edir. Saxlanılan şübhəli şəxs hadisədə iştirakını inkar etmir, lakin onun insidentin baş verməsinə dair öz versiyası var. İstintaq münaqişənin səbəbini bazarda nüfuz dairəsinin yenidən bölüşdürülməsi ilə əlaqələndirir”.
iş adamlarına hücum edən şəxs yaxalanıb
42 yaşlı Mamed Çopsiyev Volqoqrad vilayətində ələ keçib




Şərhlər