İki Xaçmaz sakini dənizdə batıb
04 Fevral 2010 Cümə Axşamı 20:05
İki Xaçmaz sakini dənizdə batıb. Balıqçıların istifadə etdikləri qayıq su ilə dolmuş vəziyyətdə sahildən tapılıb.
Bu gün axşam saatlarında Xəzər dənizinin Xaçmazın Niyazabad kəndi yaxınlığındakı hissəsində iki nəfər balıqçı batıb. Xaçmaz rayon Prokurorluğuna bu barədə məlumat saat 18:30 radələrində daxil olub.
Rayonunun prokuror əvəzi Fərahim Hüseynlinin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakinləri Xəzər sularında motorlu qayıqla balıq tuturmuş.
1987-ci il təvəllüdlü Əliyev Qurban Nizam oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Elxan Əziz oğlunun istifadə etdikləri qayıq saat 17:00 radələrində kənd sakinləri tərəfindən su ilə dolmuş vəziyyətdə sahildən tapılıb. Dənizin dalğalı olması səbəbindən kənd sakinləri balıqçıların battıdığını ehtimal edərək hüquq mühafizə orqanlarına məlumat veriblər.
Hazırda hadisə yerində axtarış tədbirləri həyata keçirilir. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri havanın qaralmasına baxmayaraq hadisə yerindədir və sahil boyu axtarış işləri davam etdirilir.
Qeyd edək ki, yanvarın 28-də Xəzər dənizində Xaçmazın Tikanoba kənd sakini 1977-ci il təvəllüdlü Ruslan Sultanməcid oğlu Kərimov da balıqçı qayığının aşması səbəbindən dənizdə batıb. Ruslan Kərimovun cəsədi isə bu günə qədər tapılmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: