Goranboy İcra Hakimiyyətinə silahlı basqın olub
01 İyul 2011 Cümə 22:09
Keçmiş polis əməkdaşı özünə məxsus qoşalülə ov tüfəngi ilə rayon Polis Şöbəsinin rəisini hədələyib.
Bu gün Goranboy rayon İcra Hakimiyyətində insident baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 45 yaşlı Qasımov Rəhman Allahverdi oğlu özünə məxsus qoşalülə ov tüfəngi ilə Goranboy rayon icra hakimiyyətinə basqın edib.

Hadisəyə səbəb Rəhman Qasımovun Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəməsi olub. Xəstə olduğunu əsas gətirərək maddi kömək istəyən Qasımova hər hansı bir kömək etmək imkanının olmadığı bildirildikdə, o evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy icra hakimiyyətinə gəlib. İcra hakimiyyətinin əməkdaşları onu sakitləşdirməyə çalışdıqları vaxt hadisə yerinə gələn Məhəmməd Məmmədovu görən Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin Qasımov tərksilah olunub və polis əməkdaşları tərəfindən həbs edilib.

Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev APA-nın Qarabağ bürosuna bildirib ki, insident zamanı heç kəs xəsarət almayıb və RİH-nə hər hansı maddi zərər dəyməyib.

Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar