Gilan şadlıq evindən 300 min dollar aparılıb
27 Yanvar 2010 Çərşənbə 17:15
Qaraçuxur qəsəbəsində yerləşən "Gilan" şadlıq sarayına basqın olub.
Ötən gecə Bakıda yerləşən şadlıq evindən küllü miqdarda pul oğurlanıb. Bu barədə ANS PRESS-ə Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Fuad Əliyev məlumat verib. Məlumata görə, ötən gecə saat 00:02 radələrində 3 naməlum şəxs Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən, Vaqif Əsgərova məxsus “Gilan” şadlıq sarayına basqın edib.

Onlar şadlıq sarayının gözətçisi Rasim Eyvazova hədə-qorxu gələrək əl-ayağını bağlayıb. Daha sonra şadlıq evində olan seyflərin birindən 150 manat götürüblər, içərisində 300 min dollar və müxtəlif sənədlər olan seyfi isə aça bilmədikləri üçün özləri ilə aparıblar.

Müstəntiqin sözlərinə görə, hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar