Çin vətəndaşı Azərbaycanda girov götürülüb
08 Yanvar 2010 Cümə 15:00
Çin Xalq Respublikasının vətəndaşı Azərbaycanda girov götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2010-cu il yanvarın 6-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan, Çin Xalq Respublikasının vətəndaşı Zhanq Yaogin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, həmin gün saat 02:00 radələrində həyat yoldaşı Zhanq Venlin Bakının 8-ci km qəsəbəsində özünə məxsus “Opel Astra” markalı avtomaşını ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə məlumat verib.

Dərhal Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılıb. Təxirəsalınmaz tədbirlər nəticəsində müəyyən olunub ki, Zhanq Venlin yanvarın 5-də axşam həyat yoldaşı ilə birlikdə Nizami rayonun 8-ci km qəsəbəsində yaşayan həmyerliyi Li Vinin evinə qonaq gedib. Təxminən saat 20:00 radələrində o, həyətə çıxıb və geri qayıtmayıb. Ertəsi gün saat 9:30 radələrində Zhanq Venlinə məxsus mobil telefonuna onun həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığı bildirilib və azadlığa buraxılması müqabilində 300 min ABŞ dolları tələb ediblər. Naməlum şəxslər bununla bağlı polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə Zhanq Venlini öldürəcəklərini deyiblər.

Yanvarın 7-də girov götürülmüş Çin vətəndaşının həyat yoldaşının mobil telefonuna yenidən zəng vuran naməlum şəxslər Zhanq Venlin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığını bildiriblər. Zərərçəkənin kəsilmiş şəhadət barmağı yaşadığı evin həyətindən aşkar edilərək götürülüb.

Elə həmin gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları Li Jien Vei, Zenqo Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı cinayətdə istifadə olunan maskalar, bıçaqlar, balta, dəmir dəyənəklər, yapışqanlı lent, mobil telefonlar və s. əşyalar aşkar edilərək götürülüb. Gözləri yapışqanlı lentlə sarılmış, sağ əlinin barmağı kəsilmiş vəziyyətdə olan Zhanq Venlin isə girovluqdan azad edilib.

Faktla bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar