Qatarların tuneldə ləngiməsi metropolitenin siqnal-işarəvermə sisteminin işləməməsi ilə bağlı olub
Bu gün səhər saat 08:30-dan Bakı Metropolitenində hərəkət edən qatarların metro tunellərində uzunmüddətli dayanmaları müşahidə olunub. Nəticədə «Həzi Aslanov- Memar Əcəmi» və «Həzi Aslanov-İçərişəhər» xətləri üzrə hərəkət edən qatarlar stansiyalara gec daxil olduğundan, vaqonlara minik və düşmələr zamanı sərnişin sıxlığı yaranıb. Məlumata görə, «Həzi Aslanov-İçərişəhər» xətti üzrə hərəkət edən qatarda sıxlıq nəticəsində bir qadın huşunu itirdiyindən, «Nərimanov» stansiyasında qatardan düşürülüb. Qatarların ən azı 30-35 dəqiqə gecikməsi müşahidə olunub.Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə açıqlamasında bildirib ki, qatarların tuneldə ləngiməsi metropolitenin siqnal-işarəvermə sisteminin işləməməsi ilə bağlı olub. Saat 10:05-də problem aradan qaldırılıb və qatarların əvvəlki qaydada 4 dəqiqə intervalla işləməsi bərpa olunub.