Alma yoxsa marixuana?
17 Fevral 2010 Çərşənbə 22:55
Quba sakinləri narkotik alış-verişini daha üstün tutublar
Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində dövriyyədən ümumilikdə 12 qramdan çox narkotik vasitə olan qurudulmuş marixuana çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan isə Qubanın Kürsər-Qışlaq kənd sakini 1970-ci il təvəllüdlü Şahmirzəyev Şahin Əlimirzə oğludur. Polis şöbəsində aparılan araşdırmalar zamanı Şahinin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən olunub.

Quba RPŞ-nin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədov bildirib ki, Şahin narkotik vasitəni 1961-ci il təvəllüdlü Xaçmaz rayon sakini Mollapünhan kənd sakini Nəcimov Fəxrəddin Kamal oğlundan 30 manat müqabilində alıb. “Nəcimovun üzərinə baxış zamanı isə 6,02 qram qurudulmuş marixuana aşkarlanıb”,-deyə Əvəzağa Məmmədov qeyd edib.

Onu da bildirək ki, Şahinlə Fəxrəddin arasında tanışlıq alma alış-verişi zamanı baş tutub. Xaçmaz sakini olan Nəcimov bir neçə dəfə Şahinə məxsus alma bağından məhsul alıb. Bu zaman Fəxrəddində marixuana olduğunu bilən Şahin 30 manat müqabilində narkotik vasitəni ondan almaq qərarına gəlib. Şahmirzəyev puldan əlavə narkotik vasitənin müqabilində Fəxrəddinə müəyyən qədər alma da verib.

Marixuana alverini alma alış-verişindən üstün tutan “dostlar” barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, istintaq davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar