SAAB-ın bəxti açılır
25 Yanvar 2010 Bazar Ertəsi 20:15
İsveç brendi SAAB'a Hollandiya şirkəti sahib olacaq
İsveçin SAAB Automobile ("General Motors"un tabeçiliyində olan şirkət) müəssisəsi nəhayət ki, öz sahibini tapıb. İsveç kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, şirkətin səhmlərini idman avtomobilləri üzrə ixtisaslaşan Hollandiyanın məşhur "Spyker Cars" şirkəti alacaq.

Lakin verilən məlumatlar hələlik heç bir tərəfdən rəsmən təsdiq edilməyib. Eyni zamanda İsveç KİV-in verdiyi məlumatda bildirilir ki, tərəflərin razılaşmanı imzaladıqları müddət ərzində Avropa İnvestisiya Bankından (EİB) kredit alınması məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, ötən ilin iyun ayında eksklüziv idman üslubunda olan maşınların istehsalı ilə məşğul olan İsveçin "Koenigsegg" şirkəti və onun sahibi Kristian fon Keniqseqq SAAB-ı almaq barədə müraciət etmişdi. Amerika və Norveç sərmayədarlarının iştirakı ilə bu təklifi həyata keçirmək məqsədi ilə hətta Koenigsegg Group AB şirkəti də yaradılmışdı. Oktyabr ayında isə Avropa İnvestisiya Bankı “SAAB Automobile” şirkətinə 400 milyon avro kredit ayırmaq barədə məlumat vermişdi. Lakin altı ay keçdikdən sonra Koenigsegg Group AB gözlənilmədən SAAB-ı almaqdan imtina etmişdi. Şirkət bunu prosesin olduqca mürəkkəb olması ilə əlaqələndirmişdi. Dekabr ayında isə General Motors SAAB-ın bağlanması barədə bəyanat yaymışdı.

Qeyd edək ki, hazırda İsveçdə SAAB şirkətində 3,5 min insan çalışır. SAAB brendi altında maşınların istehsalı 1949-cu ildən etibarən başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar