GM Çin bazarında ağalıq etmək istəyir
24 Yanvar 2010 Bazar 22:25
GM Çin bazarında ağalıq etmək istəyir. Şirkət bu ölkənin bazarı üçün 10 yeni avtomobil təqdim edəcək.
Gərgin maliyyə problemləri yaşayan General Motors (GM) yenidən fəaliyyətə başlayıb. Avtomobil şirkəti bu dəfə Çinin daxili avtomobil bazarı üçün “Opel” də daxil olmaqla daha 10 model təqdim etməyi planlaşdırır. Bu barədə şirkətin rəhbərlərindən biri Kevin Ueyl bildirib. Onun sözlərinə görə, General Motors bu il qarşısına strateji məqsəd qoyub. Belə ki, GM 2010-cu ildə Çində 2 milyon avtomobil satmaq niyyətindədir.
Qeyd edək ki, General Motors hazırda Çinin daxili bazarında nəhəng əcnəbi avtomobil satışı ilə məşğul olan şirkət hesab olunur. Ötən ildə şirkətin Çində maşın satışının həcmi 1,83 milyon təşkil etmişdi. Bu, 2008-ci illə müqayisədə 67 faiz artıqdır. İndi isə GM bu rəqəmi 2 milyona çatdırmaq istəyir.
Xatırladaq ki, ABŞ-ın nəhəng avtomobil istehsalçısı olan General Motors (GM) son dövrlər ciddi maliyyə problemləri ilə üzləşir. Şirkət iyul-sentyabr ayları ərzində fəaliyyətinin nəticələrini açıqlayıb. Bu müddət ərzində avtomobil konserni 1,15 milyard dollar həcmində ziyana düşüb. ANSPRESS