Bakı-Lvov aviareysi bərpa olunub
14 İyun 2010 Bazar Ertəsi 11:10
Bu gündən bu marşrut üzrə birbaşa sərnişin aviareysləri faəliyyətini bərpa edir.
Bu gündən Lvov-Bakı-Lvov marşrutu üzrə birbaşa sərnişin aviareysləri bərpa olunub. Bunu Ukraynanın “Lvovskiye avialinii” şirkətinin Azərbaycandakı nümayəndəsi Əziz Əliyev bildirib.
Onun sözlərinə görə, Lvov-Bakı-Lvov aviayresi hələ ötən ilin sentyabr ayının 3-də açılıb. Lakin sonradan Ukraynada A/H1N1 virusunun (“donuz qripi”) yayılması ilə bağlı yaranan təlaşa görə uçuşlar dayandırılıb: “Ötən ilin sentyabr ayının 3-dən 3 ay müddətində yerinə yetirilən Lvov-Bakı aviareysi üzrə 11 uçuş həyata keçirilib ki, sonradan uçuşlar dayandırılıb. Lakin iyunun 14-dən tələbatı nəzərə alaraq, biz Bakı-Lvov aviareysini bərpa edirik”.
Ə.Əliyev onu da bildirib ki, əgər ötən il Lvov-Bakı aviareysi üzrə uçuşlar “Yak-42” tipli avialaynerlə yerinə yetirilirdisə, bu il uçuşlar yeni alınmış "Boeing-737" təyyarələri ilə həyata keçiriləcək: “İlk öncə biz bu aviareysi iyunun 20-25-də bərpa etmək niyyətində idik, lakin sərnişinlərin istəyini və bu aviareysə olan tələbatı nəzərə alaraq Lvov-Bakı reysini iyunun 14-dən bərpa edirik. İlk aviareysin "Yak-42" tipli təyyarəsi ilə yerinə yetirilməsinə baxmayaraq, sonrakı bütün uçuşlar "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək. Hər iki istiqamətdə bir aviabiletin qiyməti təxminən 400 manat təşkil edir”.
Qeyd edək ki, Bakıdan Lvova uçuşlar həftənin bazar günləri saat 09:00-da yerinə yetiriləcək. Sonradan şirkət aviareyslərin sayını artırmaq niyyətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: