Zəvvarların cənazələri Bakıya gətirildi
25 Noyabr 2010 Cümə Axşamı 03:10
Eyni təyyarə ilə 16 yaralı da Azərbaycana qayıdıb
Türkiyədə yol qəzası nəticəsində həlak olan beş azərbaycanlı zəvvarın cənazəsi Bakıya gətirilib. AZAL-ın göndərdiyi təyyarə ilə müalicəsi başa çatmış 16 nəfər də Sivasdan Bakıya gəlib. Ağır yaralılar isə hələ də Türkiyə xəstəxanalarında müalicələrini davam etdirirlər.

Xatırladaq ki, noyabrın 23-də Bakı vaxtı ilə saat 19.50-də azərbaycanlı hacıları Həcc ziyarətindən gətirən avtobus Türkiyənin Sivas vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hacı həlak olub, 27 nəfər xəsarət alıb. Həlak olanlar Əhmədov Səməd Nazir oğlu (28 yaş), Hacıxanım Əlicanova (66 yaş), Solmaz Baxşəliyeva (69 yaş), Zemfira Dadaşova (45 yaş) və Məhərrəm Kərimovdur (72 yaş).

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında itki böyük olub. Türkiyədəki qəzaya qədər artıq üç nəfər dünyasını dəyişmişdi. Onlardan biri-Şamaxı məscidinin axundu Mustafa Məmişov də yol qəzası zamanı həlak olmuşdu. Sivasdakı qəzadan sonra isə həlak olanların sayı 8 nəfərə çatıb. Bu il Həcc ziyarətinə Azərbaycandan 2000 nəfər getmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar