Zəvvarlardan biri komadadır
25 Noyabr 2010 Cümə Axşamı 11:20
Sivas bölgəsində baş verən yol qəzasında yaralanan hacılardan 9-u Türkiyənin müxtəlif xəstəxanalarındadır.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, hacılardan 7-i Sivas, 1-i Kayseri, 1-i isə Adana xəstəxanasında müalicə alır.

Sivasdakı xəstəxanada olan 7 hacıdan 6-sı yaralıdır, 1-i isə yaralı olan həyat yoldaşına yardım etməkdən ötrü onun yanında qalıb.

R. Dadaşova Adanadakı xəstənin komada olduğunu, onun xüsusi aparata qoşulduğunu da deyib.

Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Bağırov həbs olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar