“Zanbaq” bağçası bağlanır, yoxsa təmirə dayandırılır?
27 İyul 2010 Çərşənbə Axşamı 11:20
“Zanbaq” bağçası bağlanır, yoxsa təmirə dayandırılır? Valideynlər bir şey deyir, bağça rəhbərliyi başqa şey.
Bakının Nizami rayonu, Əzim Əzimzadə küçəsi 1 ünvanında yerləşən, Dövlət Neft Şirkətinin balansında olan “Zanbaq” adlı uşaq bağçası bağlanır. Bu barədə valideynlər ANS PRESS-ə şikayətlərində bildirib.

“Bağça həm təmizdir, həm də yaşayış massivinə yaxın ərazidə yerləşir. Bağça təhlükəsizlik baxımından da münasib yerdədir. Bura avtomobil yolundan xeyli kənarda yerləşir. Amma indi bağçanı bağlayırlar. Bəs biz uşaqlarımızı hara aparaq?”, deyə Anar Abbasov adlı valideyn qeyd etdi.

Bağçanın bağlanmasına səbəb kimi binanın əsaslı təmir olunması göstərilsə də, valideynlər bunun yalan olduğunu iddia edir. “Yalandan bağçanın təmir olunacağı deyilir. Amma bizim uşaqları digər, bundan da pis vəziyyətdə olan bağçaya göndərməyimizi məsləhət bilirlər”, deyə Sənubər Bağırova adlı valideyn vurğuladı. Onun sözlərinə görə, digər bağçalar yaşayış massivindən uzaq ərazidə yerləşir.

Məsələ ilə əlaqədar bağçanın müdiri Dilarə Əliyeva ANS PRESS-ə açıqlamasında bağçanın bir neçə müddətə əsaslı təmir üçün bağlandığını bildirdi.

“Dövlət Neft Şirkətinin Layihə İnstitutundan mühəndisləri gəlib bağçaya baxıblar. Bağça təhlükəsizlik baxımından qənaətbəxş olmadığı üçün onun əsaslı təmir olunmasına qərar verilib. Həqiqətən də bağçanın binası 50 ildən artıqdır ki, istismar olunur. İki mərtəbədən ibarət olan binanın divarları çat verib, pilləkanları da laxlayır. Burada uşaqların yerləşməsi olduqca təhlükəlidir” söyləyən Dilarə Əliyeva bağçanın təmirdən sonra yenidən fəaliyyət göstərəcəyini bildirdi.

Qeyd edək ki, bağçada 95 uşaq tərbiyə alır. Burada 13 tərbiyəçi, ümumilikdə isə 34 işçi çalışır. Bağçanın təmirə dayandırıldığı üçün işçilərin də bir müddət məzuniyyətə çıxacağı qeyd olundu. Ümid edirik ki, yeni tədris ilində “Zanbaq” adlı uşaq bağçası da yeni binada körpələrin xidmətində olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar