Yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililər söküləcək
20 İyul 2010 Çərşənbə Axşamı 15:00
Azərbaycanda enerji sistemi üçün əhəmiyyətli olan yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş tikililər söküləcək.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifbəyli bildirib.
N.Yusifbəylinin sözlərinə görə, cari ilin fevral ayında enerji sistemində yaranmış problemdən sonra hökumətin tapşırığı ilə yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin siyahısı hazırlanıb. Sözügedən siyahı «Azərenerji» və hökumətə təqdim olunub.
«Bu evlərin əksəriyyəti, fikrimcə, söküləcək. Bu tikililərin mövcudluğu həm orada yaşayanların səhhəti üçün zərərlidir, həm də sistem üçün təhlükə yaradır», - deyə N.Yusifbəyli vurğulayıb.
İnstitut rəhbərinin sözlərinə görə, sistemverici xətlərin altındakı tikililərin sayı 500-ə yaxındır. APA
DOSTLARINLA PAYLAŞ: