Yolka alanlara xəbərdarlıq!
28 Dekabr 2010 Çərşənbə Axşamı 15:15
Evlərinizdə əzizlədiyiniz yolkalar bəzən sağlamlığınıza ziyan ola bilər
Yolka alarkən onun keyfiyyətinə yalnız məhsulun təhlükəsizliyini təstiq edən sertifikatla əmin olmaq olar. Bunu Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə açıqlamasında bildirib.
“Alıcılara tövsiyə edərdim ki, yeni il oyuncaqları, yolkalar alarkən diqqətli olsunlar. Çünki, onların süni-kimyəvi tərkibi mövcuddur. Onların təhlükəsizlik tərkibini təsdiqləyən sənədlə, yəni sertifikatlə tanış olsunlar. Bu sertifikatları həmin yolkaları istehsal edən ölkələr verir. Alıcının məhsulun uyğunluq sertifikatını tələb etməyə haqqı var".
F. Talıblı bildirir ki, əgər məhsulun sertifikat kağızı yoxdursa, həmin maldan istifadə etmək məsləhət deyil.
"Çünki, yolka ağacı birbaşa evə qoyulan əşyadır. Onun tərkibi süni olduğundan ev şəraitində müəyyən temperaturda iyi, qoxusu müxtəlif ola bilər. Bu da insan orqanizminə mənfi təsir göstərə bilər”, - deyə Fazil Talıblı bildirdi.
Qeyd edək ki, əgər hər hansı məhsulun sertifikatı yoxdursa, SMPDK-nın sertifikatlaşdırma idarələri həmin məhsula keyfiyyətə uyğun sertifikat verə bilər. Bunun üçün idxalçı sahibkar idarəyə müraciət etməlidir. Bu zaman məhsullar xüsusi laboratoriyada yoxlanılır, laboratoriya sınaqlarının nəticələri müsbət, normativ tələblərə cavab verərsə, Dövlət Komitəsi həmin məhsullara uyğunluq nişanı verir. Alıcılar məhz belə məhsulları rahat şəkildə alıb istifadə edə bilər.
DOSTLARINLA PAYLAŞ: