Yeni qayda avtomobil alanların sığorta xərclərini azaldacaq
08 Dekabr 2010 Çərşənbə 14:20
Sığorta şirkətinin seçilməsində müştəriyə tam seçim imkanı veriləcək
Gələn ildən “Avtomobillərin könüllü sığortası” üzrə vahid qaydanın tətbiqinə başlanılacaq. Belə ki, əvvəllər “Avtomobillərin könüllü sığortası” Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hazırlanan xüsusi sığorta paketləri çərçivəsində həyata keçirilirdisə, vahid qaydaların təsdiqindən sonra kreditə götürülən avtomobilin sığortalanması üçün sığorta şirkətinin seçilməsində müştəriyə tam seçim imkanı veriləcək.

Qeyd edək ki, Vahid qayda Azərbaycan Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” qanun və Azərbaycanın digər qanunvericilik aktlarına uyğun hazırlanıb.

Dəyişikliyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirir ki, vahid qaydanın tətbiqindən sonra kreditlə avtomobil alan şəxslər elə həmin şirkətdə avtomobilləri sığortalamağa məcbur olmayacaqlar.

“Onların sığorta paketini seçmək imkanları olacaq. Eyni zamanda, kreditlə avtomobil alanlar sığortanın müddətini müəyyənləşdirə biləcəklər. Bu da avtomobillərini sığorta etdirənlərin bunun üçün daha az vəsait ödəmələrinə imkan verəcək. Əvvəlki qaydalarda sığortanın müddəti avtomobil və ya sığorta şirkəti tərəfindən müəyyən edilirdi”, - deyə Vüqar Bayramov vurğulayıb.

Ekspert yeni qaydaları daha mütərəqqi hesab edir. Müətəxəssisin fikrincə, yeni qayda kreditlə avtomobil alanların sığorta xərclərinin azalmasına gətirib çıxaracaq: “Bu artıq avtomobil alanlar üçün sığorta probleminin yumşalmasına səbəb olacaq. Daha ucuz və səmərəli paketlərdən istifadə imkanı yaradacaq. “Avtomobillərin könüllü sığortası" üzrə vahid qayda sığorta paketinin verilməsinin məqsədləşdirilməsinin qarşısını alacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar