Yavər Camalov: “İstehsal olunan müdafiə təyinatlı məmulatların çeşidləri 413-ə çatdırılıb”
14 İyul 2010 Çərşənbə 01:20
“Azərbaycanın hərbi sənaye kompleksi Silahlı Qüvvələri silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə qadirdir”.
“2006-2009-cu illərdə Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 414,4 milyon manat məbləğində vəsait ayrılıb. Ayrılmış vəsait hesabına onlarla texnoloji xətlər, müəssisələrin avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən 423 adda dəzgah və avadanlıq alınıb. Nazirliyin müəssisələrində müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və onların ehtiyat hissələrinin istehsalı məqsədilə 141,7 min kvadratmetr sahəyə malik olan 21 obyektdə tikinti və yenidənqurma işləri aparılıb və nəticədə “İqlim”, “Dalğa”, “Peyk”, “Telemexanika”, “Alov”, Elektron Hesablama Maşınları, Radioquraşdırma, “Araz” zavodu, Elmi Tədqiqat İnstitutu və “Təcrübə-sınaq” zavodunun əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib”. Bunu müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2009-cu ildə 2,8 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 46 dəfə artırılıb. Nazir bildirib ki, müstəqil Azərbaycanın qısa müddət ərzində yaradılmış hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə qadirdir.

Yavər Camalov deyib ki, 2010-cu ilin altı ayında müdafiə təyinatlı məmulatlara dair bağlanmış müqavilələrin həcmi 61,1 milyon manat təşkil edir: “İlin sonunadək yaradılacaq müdafiə təyinatlı məmulatların seriyalı istehsalını təmin etməklə əlavə olaraq, 42 milyon manat məbləğində müqavilələrin bağlanması gözlənilir. Bununla da müdafiə təyinatlı məmulatların 2010-cu il üçün istehsal həcmi 103 milyon manata çatdırılacaq. Onu da qeyd edim ki, 2010-cu il üçün bağlanmış müqavilələrin həcmi 2006-cı illə müqayisədə 120 dəfə, 2007-ci illə müqayisədə 9,6 dəfə, 2008-ci illə müqayisədə 6 dəfə artıb. Cari ilin ötən dövründə müəssisələrdə 2010-cu ilin dövlət müdafiə sifarişi proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilib. Bu il proqrama uyğun olaraq, 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub ki, bu da 241 mərhələni əhatə edəcəkdir. Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilib, 19-u başa çatmaq üzrədir. Digərləri üzərində işlər davam etdirilir. Eyni zamanda, mövzular üzrə taktiki-texniki tapşırıqlar işlənilir, atıcı və artilleriya silahlarının, döyüş sursatlarının, optik cihazların sınaqlarının keçirilməsi üçün hazırlıq işləri aparılır”.

Yavər Camalovun sözlərinə görə, aparılan marketinq işləri nəticəsində 535 ədəd dəzgah və avadanlığın alınması üçün kontraktların bağlanması istiqamətində işlər yekunlaşdırılıb, qrafik üzrə avadanlığın alınıb gətirilməsinə başlanıb: “2010-cu ilin dövlət müdafiə sifarişi proqramında güc strukturlarının sifarişi əsasında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5200 ədəd atıcı silah, zirehli texnika və digər müdafiə təyinatlı məmulatların təmiri, 321 min ədəd müxtəlif növ əmlakın isə utilizasiyası nəzərdə tutulub”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar