Xocalıya Ədalət kampaniyasının online aksiyaları başlayır
14 Dekabr 2010 Çərşənbə Axşamı 13:30
Beynəlxalq təşviqat kampaniyasının online fəaliyyətlərinin təqdimatı dekabrın 15-də olacaq
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (DƏ İKGF) və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” ictimai birliyi İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasının online fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçirəcək. Təqdimat dekabrın 15-də olacaq.
DƏ İKGF-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir 10 dekabr İnsan Hüquqları Günü həftəsinə həsr olunub. Tədbir çərçivəsində “Xocalıya Ədalət” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim ediləcək və kampaniyanın "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat veriləcək.
Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il ərzində İKT üzv dövlətləri Parlament Birliyi və İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən qətnamələrdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib.
ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb.
Hal-hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir.
DOSTLARINLA PAYLAŞ: