Xəzərdə zərərli tullantıların həcmi azalıb
12 Avqust 2010 Cümə Axşamı 23:20
Dənizdə çirklənmənin səviyyəsini araşdıran monitorinq yekunlaşıb.
Dövlət Neft Şirkəti dənizin və quru ərazilərin neftlə çirklənməsi səviyyəsini araşdıran monitorinqi yekunlaşdırıb. Şirkətin Ekologiya idarəsinin rəisi Azər Əliyevin sözlərinə görə, monitorinq 12 dəniz yatağında, quruda isə Siyəzən ərazisində aparılıb. Buradan götürülən nümunələrin kimyəvi analizi ötən illərə nisbətən suda və qruntda zərərli tullantıların həcminin azaldığını göstərib. Dəniz yataqlarında bu nəticəyə təmizləyici qurğuların quraşdırılması hesabına nail olunub: “Aparılmış monitorinqlərin nəticələrində artıq neft daşlarında təmizləyici qurğular quraşdırılıb. "Neft daşları" yatağında alınan məişət-çirkab sularının təmizlənərək dənizə buraxıla bilən normalar həddində buraxılması təmin edilir. İstehsalat sularının laylara vurulması layihəsi üzrə işlər gedir”.

Hazırda neft şirkəti Abşeron yarmadasının müxtəlif hissələrində neftlə çirklənmiş 200 hektara qədər ərazidə rekultivasiya işlərini davam etdirir.

Dənizdə və quruda neft-qaz hasilatının ekologiyaya ziyan vurmaması üçün Dövlət Neft Şirkəti ilin sonuna qədər sənaye tullantılarının idarə edilməsi sisteminin yaratmağı planlaşdırır. Sistem əmələ gələn tullantıların utilizasiyasını və regenerasiyasını nəzərdə tutur.

Qeyd edək ki, Dövlət Neft Şirkəti bu tipli monitorinqləri ildə iki dəfə yay və qış mövsümlərində keçirir. Bundan əlavə, bu qurum "bp" şirkəti ilə birlikdə Xəzərin Azərbaycan sektorunda bioloji resursların monitorinqini də həyata keçirir. Bu monitorinq isə avqustun 26-da başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar