Xaricdən gələn həkimlər üçün yeni şərtlər
02 Dekabr 2010 Cümə Axşamı 17:35
“Azərbaycana xaricdən həkimlərin dəvət olunması da xüsusi qayda ilə keçməlidir. Elə olmalı deyil ki, heç kimin tanımadığı bir həkim xaricdən gəlib, əməliyyat edib, çıxıb getsin. Sonra yaranan xoşagəlməz halların qarşısını yenə də öz həkimlərimiz almalı olur. Bu, qayda-qanunla tənzimlənməlidir.
Yəni ölkəyə gələn həkimin fəaliyyəti üçün onun diplomu Təhsil Nazirliyi tərəfindən təsdiqlənməlidir, Səhiyyə Nazirliyi tərəfindən xüsusi razılıq alınmalıdır. Yalnız bu proseduralardan keçdikdən sonra onların fəaliyyəti mümkündür”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş iclasda söyləyib. Nazir bildirib ki, ölkədəki dövlət və özəl tibb müəssisələri arasında ciddi fərq yoxdur və hər iki müəssisə insanların sağlamlığına, onların keyfiyyətli və lazımi tibbi yardım almalarına xidmət etməlidir: “Fərq sadəcə, sahibkarlıq formasındadır. Dövlət tibb müəssisələrdə bütün xidmətlər pulsuz – dövlət hesabına, özəllərdə isə əksinə, ödənişli xidmətin həyata keçirilməsidir”.

O. Şirəliyev deyib ki, dövlətin səhiyyəyə dair qəbul etdiyi bütün qərarlar, əmrlər, protokollar özəl tibb müəssisələrindən yan keçməməlidir: “Sahibkarın daha çox qazanc əldə etmək arzusuna, müəssisənin maliyyələşmə formasına baxmayaraq, qayda-qanun hamı üçündür və bütün tibb müəssisələri qaydalara riayət etməlidir. Sahibkarların iş qurarkən açdığı müəssisədən maksimum xeyr götürməyə çalışması anlaşılan olsa da, səhiyyə sahəsində istənilən qurum ən azı zərərsiz fəaliyyət göstərməsinə çalışmalıdır. Bunun üçün özəl tibb müəssisələrinə ilk növbədə savadlı kadr və peşəkar həkimlər cəlb olunmalıdır ki, bu mütəxəssislər istər inzibati və təşkilati məsələlərin, istərsə də tibbi fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələ bilsinlər. Tibb müəssisəsinin gözəl, yaraşıqlı, çoxmərtəbəli olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil. Tibb sahəsində ən əsas yeri həkim peşəkarlığı tutur. Bu gün ana olmaq üçün özəl tibb müəssisəsinə gələn gənc ana, yaxud onun körpəsi tələf olmamalıdır. Burnunun çəpər əyriliyini düzəltmək üçün yaxud hər hansı bir əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar