Vəhşi heyvanlar Zərdaba hücum çəkib
15 Fevral 2011 Çərşənbə Axşamı 22:58
Havalar soyuduqca, meşədə yaşayan vəhşi heyvanların yaşayış məskənlərinə hücumu intensivləşir
Havalar soyuduqca, meşədə yaşayan vəhşi heyvanların yaşayış məskənlərinə hücumu da intensivləşir. Meşədə yem tapa bilməyən heyvanlar öz qarınlarını doyuzdurmaq üçün yem axtarışına kənd və qəsəbələrə qədər gəlib çıxırlar.

Vəhşi heyvanlar Zərdab rayonunun Bəyimli kəndinə hücum çəkiblər. ANS TV-nin məlumatına görə, Bəyimli kəndində şəxsi təsərrüfata hücum edən çaqqallar Dərgah Məmmədova məxsus 70 baş qoyun-quzunun 53-nü öldürüb, 17-si isə yaralayıb. Məmmədovun sözlərinə görə, belə hallar son zamanlar tez-tez baş verir. Gündən-günə təsərrüfata soxulan vəhşi heyvanların da sayı çoxalır.

Zərdab rayon icra başçısının müavini, rayon Baytarlıq İdarəsinin rəisi və əməkdaşları da hadisə yerinə gəlib. Rayonun baş baytarı Teyyub Teyyubov yaralı heyvanların sağ qalması üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Bununla belə yaralı heyvanların kəsilib satılmasına qadağa qoyulub. Ölmüş heyvanlar isə basdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar