Utuq kəndi köməksiz qalıb
25 İyun 2010 Cümə 23:10
Qubanın Utuq kəndi köməksiz qalıb. Ötən gün baş verən təbii fəlakət əhaliyə xeyli ziyan vurub.
Quba rayonunun mərkəzindən 70 kilometr məsafədə yerləşən Xaltan inzibati-ərazi vahidliyinin Utuq kəndində acınacaqlı vəziyyət yaranıb. Kənd sakini, Utuq kənd orta məktəbinin müəllimi Seyfəddin Nurəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ötən gün baş verən güclü leysan yağışından sonra kənd ətraf ərazilərdən təcrid olub.

Güclü sel nəticəsində əhaliyə məxsus 250 baş xırda buynuzlu, 50 baş iri buynuzlu mal-qara tələf olub. Ötən gündən bəri əraziyə elektrik enerjisi verilmir. Kəndə gedən yollar və rabitə xətləri də təbii fəlakət nəticəsində sıradan çıxıb. Rayon rəhbərliyi və Fövqəladə Hallar Nazirliyindən isə kənd əhalisinə hələlik heç bir yardım göstərilməyib.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Məmmədov isə ANS PRESS-ə məlumatında ərazidə yaranmış vəziyyətdən xəbərdar olduqlarını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, ötən gün Quba rayonunun Xaltan inzibati-ərazi vahidliyinə 68 mm yağıntı düşüb. Bu miqdarda yağıntı isə təqribən aylıq yağıntı normasına uyğundur. Yağış kəsdikdən sonra ərazidə güclü külək başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar