Türkiyədə ölən iki azərbaycanlı zəvvar dəfn edilib
25 Noyabr 2010 Cümə Axşamı 12:30
Digər mərhum hacılarla Sahil qəsəbəsindəki məsciddə vida mərasimi keçirilir
Həcc ziyarətindən qayıdarkən Türkiyədə qəzaya uğrayan və dünyasını dəyişən 5 azərbaycanlı zəvvardan ikisi artıq dəfn olunub. Ötən gecə təyyarə ilə Türkiyənin Sivas şəhərindən Bakıya gətirilən Solmaz Baxşəliyeva və Məhərrəm Kərimovun cənazələri bu səhər Cəlilabad rayonunda və Mərəzədə torpağa tapşırılıb. Digər üç zəvvar - Səməd Əhmədov, Zemfira Dadaşova və Hacıxanım Əlicanova ilə isə Sahil qəsəbəsindəki məsciddə vida mərasimi keçirilir.
Qeyd edək ki, qəza zamanı yaralanan və hazırda Sivas, Kayseri və Adanada müalicə alan zəvvarların səhhəti isə təhlükə altında deyil. Onlar 3-4 günə evə buraxıla bilərlər. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev ANS-ə məlumat verib. Onun sözlərinə görə, 9 yaralının həyati təhlükələri yoxdur və müalicələri davam edir.
Xatırladaq ki, içərisində azərbaycanlı hacılar olan avtobus noyabrın 23-də Sivas şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində 5 hacı ölüb, 29 nəfər isə yaralanıb. 20 yaralı və 5 cənazə ötən gün gecə saatlarında Azərbaycana gətiriliblər.
DOSTLARINLA PAYLAŞ: