Təxirə salınan 5 təyyarə reysindən 2-si baş tutub
27 Dekabr 2010 Bazar Ertəsi 10:40
Moskvanın hava limanları 15 saatlıq fasilədən sonra açılıb
Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanları qarlı hava şəraiti ilə əlaqədar 15 saatlıq fasilədən sonra açılıb. Yaranmış problemlər ucbatından Bakıda Heydər Əliyev beynəlxalq hava limanında təxirə salınan 5 təyyarə reysindən ikisi baş tutub.
AZAL Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, Domodedovo Hava Limanının işləməməsi səbəbindən ötən gün uçmalı olan "Airbus-319" təyyarəsi ilə həyata keçirilən Bakı-Moskva reysi bu gün saat 9-da baş tutub. Bundan başqa, ötən gün Moskvanın Domodedovo Hava Limanında texniki səbəblərdən 150 km radiusda elektrik olmadığından Bakıdan uçan 161 sərnişinlik Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə Vnukovo hava limanında eniş edib. Həmin təyyarə bu gün saat 05:35 radələrində 144 sərnişinlə Bakıya qayıdıb.
Bu gün həmçinin saat 10:40-da Bakı-Moskva reysinin uçuşu qrafikə uyğun şəkildə həyata keçirilib.
Xatırladaq ki, Moskvada hava şəraitinin kəskin pisləşməsi Rusiyanın paytaxtında bir sıra problemlər yaradıb. Moskvanın Domodedovo, Şeremetevo və Vnukovo hava limanları fəaliyyətini dayandırmalı olub. 150-dən çox reys təxirə salınıb.
Qeyd edək ki, iki sutkadır ki, Moskvada yağan buzlu yağışdan sonra paytaxtın bir sıra rayonlarının sakinləri hələ də işıqsızdır. İnternet xəttləri kəsilib, şəhərdə 2 mindən çox ağac aşıb. Qar və buz sakinlərin küçəyə çıxmasına imkan vermir. Küçələrin çoxu sanki buz meydançasını xatırladır. Son sutka ərzində xəsarət alanlardan 20-si tibbi yardım üçün müraciət edib. Səlahiyyətli qurumlar təmir işlərinin, küçə və yolların qardan təmizlənməsinin davam edəcəyini bildirir.
DOSTLARINLA PAYLAŞ: