Telman İsmayılovun şirkətində axtarış aparılıb
06 Dekabr 2010 Bazar Ertəsi 10:45
Axtarış bir neçə gün öncə yolda baş vermiş insidentlə bağlı olub
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “AST Şit” mühafizə şirkətində axtarış aparılıb. Rusiya mətbuatının yaydığı məlumata görə, axtarış bir neçə gün öncə şəhərdə iş adamına məxsus maşınla baş verən hadisə ilə bağlı olub.

"Axtarış və sənədlərin müsadirəsi mühafizəçiləri yol nəqliyyat hadisəsinə qarışan özəl mühafizə şirkətində aparılıb. Bu axtarışların milisə insident iştirakçılarını müəyyən etməyə kömək edəcəyi güman edilir. Araşdırma çərçivəsində bir sıra operativ istintaq tədbirləri həyata keçirilir", deyə hüquq mühafizə orqanlarından mətbuata verilən məlumatda qeyd edilib.

"Life News"a verilən məlumata görə, axtarış nəticəsində hadisə zamanı "BMW" markalı avtomobildə iş adamının böyük oğlu Sərxan İsmayılovun olduğu müəyyən edilib.

Qeyd edək ki, Rusiya mətbuatının yaydığı məlumata görə, insident 24 noyabr tarixində Moskva Dairəvi Avtomobil Yolunun Kiyev şosesi istiqamətində baş verib. “BMW” markalı avtomobili müşayiət edən avtomobil karvanına yol vermədiyi üçün “Lexus” markalı avtomobilin sürücüsü Aleksey Smirnov mühafizəçilər tərəfindən təzyiqə məruz qalıb. Avtomobil karvanında olan “Toyota Land Cruiser” markalı avtomobil Aleksey Smirnovun idarə etdiyi “Lexus” markalı avtomobili saxlamağa məcbur edib. Bundan sonra “Toyota Land Cruiser”dən 3 şəxs düşərək “Lexus”a hücum edib. Onlardan biri maşının işıqlarına zərbə vurub, ikincisi avtomobilin qapısının şüşələrini sındırıb. Hücum edənlər sürücünün 100 min rubl dəyərindəki qızıl eynək çərçivəsini sındırıblar. Zərərçəkmiş Aleksey Smirnov mühafizəçilərin avtomobilinin dövlət nömrə nişanını yazaraq milis bölməsinə müraciət edib.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

"AST" şirkətlər qrupunun vitse-prezidenti Abbas Abbasov isə “AST” şirkətlər qrupunun prezidenti Telman İsmayılovun özünün və ailəsinin noyabrın 24-də Moskvada yolda baş verən qalmaqala heç bir əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, nə “AST” şirkətlər qrupunda, nə də Telman İsmayılovun ailəsində xüsusi siqnallı avtomobillər yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar