TBMM-də Xocalı soyqırımı ilə bağlı çıxış olacaq
15 Fevral 2011 Çərşənbə Axşamı 21:13
Türkiyə parlamentinin həyətində faciənin ildönümü münasibətilə mitinq də keçiriləcək
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinin Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşündə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanov məlumat verib. E. Salmanov müzakirə olunan məsələlər arasında Xocalı soyqırımı ilə bağlı tədbirlərin xüsusi yer tutduğunu qeyd edib: “Bildiyiniz kimi, Xocalı faciəsinin ildönümü ilə əlaqədar səfirliyimiz tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq keçiriləcək silsilə tədbirlərdə TBMM üzvlərinin iştirakı barədə razılıq əldə olunub”.
E. Salmanovun sözlərinə görə, bundan başqa, fevralın 25-də TBMM-in toplantısında növbədənkənar çıxış olacaq. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP millət vəkili Mustafa Kabakçı TBMM-də çıxış edərək, ermənilərin törətdiyi Xocalı soyqırımından, azərbaycanlıların başına gətirilmiş faciədən danışacaq.
E. Salmanov həmin gün TBMM-in həyətində matəm mitinqinin keçiriləcəyini də bildirib.
DOSTLARINLA PAYLAŞ: