Tapqaraqoyunludan qeyri-adi reportaj
15 Fevral 2011 Çərşənbə Axşamı 22:53
Kənd sakini: "Güllə atılır, uşaq soruşur bu nə səsdir?"
Tapqaraqoyunludan qeyri-adi reportaj (Eksklüziv)
Kənd sakini: “Güllə atılır, uşaq soruşur bu nə səsdir?”
Goranboyun Tapqaraqoyunlu kəndi təmas xəttinə yaxın məsafədə yerləşən ən iri yaşayış məntəqəsidir. Rayon mərkəzindən təqribən 30 km məsafədə yerləşir. Kəndə gedən yol asfaltlanıb. Erməni mövqelərinin iki addımlığında yerləşən Tapqaraqoyunluda 24 saat qaz və işıq var. İki məktəb, poçt, tibb məntəqəsi, uşaq bağçası fəaliyyət göstərir. Bir sözlə, bu kəndin bütün sosial problemləri həll edilib. Amma bununla belə düşmənin 200 metrliyində yerləşməsi sakinlərin həyat şəraitini çətinləşdirir. Gündüz saatlarında sahələrə, otlaqlara açıq ərazilərə çıxmaq təhlükəli hesab olunur. Buna görə də kənddəki min hektara qədər qədər əkin və otlaq sahəsindən istifadə etmək mümkün deyil.
Sakinlərin sözlərinə görə, kənd günün müxtəlif saatlarında bir neçə dəfə atəşə tutulur. Evinin daimi pəncərələri mərmilərdən dəlik-deşik olan kənd sakini Şəfiqə Məmmədova deyir ki, evi təmir etdirməyə də əli gəlmir. Ən yaxşı halda 1 ay sonra yenə pəncərələr qırılacaq, divarlara, dama onlarla güllə dəyəcək: “Güllə atılır, uşaq soruşur bu nə səsdir? Deyirəm ki, vannadır yerə düşdü. Hər vaxt atəş açılır, amma neyləyək, kənddən köçəsi deyilik ki”.
Tapqaraqoyunludakı orta məktəblərin binasında da eyni mənzərə ilə qarşılaşmaq olar. Müəllimlərin sözlərinə görə, bəzən təhlükə o həddə çatır ki, dərslər yarıda kəsilir. Kəndin qərb hissəsinə gedən yolda mümkün qədər sürətlə hərəkət etmək lazımdır. Çünki snayperlərin gülləsinə tuş gəlmək an məsələsidir.
Erməni mövqeləri Tapaaraqoyunlu kəndinə nisbətən yüksəklikdə yerləşdiyindən qarşı tərəf kəndə aydın nəzarət edə bilir. Buna görə də erməni əsgəri nişangahda gördüyü istənilən obyekti atəşə tutur.
Sakinlər həyat şəraiti ermənilərin ucbatından iflic vəziyyətinə düşüb. Gecələr adətən kənd həyatına yalnız canavar və çaqqall səslərinin pozduğu sükut hakim olur. Ancaq Tapqaraqoyunluda bu ölü sükutdan əsər-əlamət yoxdur. Qaranlıq düşməsinə baxmayaraq sakinlər hələ də gündəlik qayğıları ilə məşğuldur. ANS TV-nin əməkdaşları erməni mövqelərinə yaxın ərazidəki evlərdən birindən gələn çəkic səslərinə yaxınlaşmaq istəyib. Məlum olur ki, qarşı tərəfdən aydın göründüyündən ustalar gecə işləmək məcburiyyətindədir. İş prosesini lentə almaq istəyən ANS əməkdaşları ustaların xəbərdarlığından sonra fikirlərindən daşınıb kameranın işığını söndürür.
Kənddə çəkiliş gedən müddətdə təmas xəttində tək-tək silah səsləri eşidilsə də, itki baş verməyib. Ancaq sakinlərdən öyrənmək mümkün olub ki, 1 həftə əvvəl baş verən intensiv atışma zamanı 6 baş mal-qara tələf olub.
DOSTLARINLA PAYLAŞ: