Taksi və avtobusların görünüşü dəyişdiriləcək
09 Dekabr 2010 Cümə Axşamı 13:00
Respublikanın nəqliyyat sistemi beynəlxalq standartlara uyğunlaşdırılır
Yeni qəbul edilən “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət Standartına əsasən bundan sonra taksi kimi işləmək istəyən bütün avtomobillər yenidən rənglənməlidir. Daha dəqiq, respublika ərazisində fəaliyyət göstərən taksilərin şəhərə görə hərəsinin öz rəngi olacaq. Məsələn, Bakıda taksilər bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Şəhərlərarası daşımalarda istifadə olunan taksilər isə tünd qırmızı rəngdə olmalıdır. Bu barədə ANS-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
“Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və SMPDK tərəfindən təsdiqlənmiş bu standart ölkənin həm taksi, həm də avtobusla sərnişindaşıma bazarında köklü dəyişikliklərə səbəb olacaq. Bu standart taksi və avtobuslara, yük avtomobillərinə, sərnişin stansiyası qurğularına, yəni, avtovağzallara, avtostansiyalara, avtobus və taksi dayanacaqlarına aid olacaq. Daha dəqiq, adı çəkilən standart bu vasitələrdə fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarına aid əsas tələbləri müəyyənləşdirir. Bütün bunlar icbaridir”, - deyə Fazil Talıblı vurğulayıb.
Taksilərin xarici tərtibatında da bəzi dəyişikliklər olacaq. Əvvəla maşının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan çəkilməlidir. Şahmat qara-sarı və qara-ağ olmalıdır. Bu nişan avtomobilin qarşısından, yəni, “kapot”un ortasından üfiqi istiqamətdə uzanaraq, avtomobilin damını keçməklə yük yerinin qapağının sonunda bitməlidir. Taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı yazılmalıdır.
Digər maraqlı yenilik ondan ibarətdir ki, taksilərin daxilində sərnişin üçün ön oturacağın cihaz panelində daşıyıcının adı və telefon nömrəsi, sürücü haqqında məlumatlar əks olunmalıdır. Standarta görə, taksilərdə taksometr, CPS aparatı quraşdırılmalıdır. Taksi dayanacaqları elə ölçüdə olmalıdır ki, orada eyni vaxtda 3 taksi avtomobili dayana bilsin.
Yeni standartda avtobusların xarici tərtibatı ilə bağlı tələblərin bəzisi hazırda tətbiq olunur. Avtobusun üzərindəki elektron tabloda marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaqların adları göstərilməlidir. Avtobusların daxilində də sərnişinlər üçün əyani məlumatlar, nəqliyyat vasitəsinin nömrəsi, daşıyıcının adi, telefonu, uşaq və əlillər üçün oturacaqlar, şəhərin marşrut şəbəkəsinin sxemi, gediş haqqının ödənilməsi barədə informasiya olmalıdır.
Yeni standartın avtobus dayanacaqları üzrə tələblərinə əsasən, bütün dayanacaqlarda göstərici olmalidir. Həmçinin, 15 dəqiqəyədək intervalla hərəkət edən hər avtobus marşrutları üçün dayanacağın adı, marşrutun son dayanacağının adı, hərəkətin başlama və bitmə müddəti, hərəkətin dəqiqələrlə maksimum intervalı lövhələrdə yazılmalıdır. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov yeni standartların dekabrın 20-dən tətbiq olunacağını bildirib.
“Dekabrın 20-dən yavaş-yavaş, təkamül yolu ilə yeni standartlar tətbiq olunacaq. Lisenziyanın vaxtı bitənə qədər müxtəlif rəngli maşınla taksi xidməti göstərmək olar. Bunlar zorla olmayacaq. Avtobuslarda giriş-çıxış sözünün yazılması da müasir sistemlərə daxildir. Bütün bunların sərnişinlərin xeyrinədir”, - deyə Namiq Həsənov vurğulayıb.
Qeyd edək ki, yaxın vaxtlarda Bakıya 3 min London taksisi, digər şəhərlərə isə daha bir neçə min avtomobil gətiriləcək. Bu müddəaların bir qismi gələn ildən tətbiq olunacaq. Bu sistemdə intellektual idarəetmə sisteminə də öz əksini tapacaq.
DOSTLARINLA PAYLAŞ: