T. İsmayılovun mühafizəçilərinə qarşı cinayət işi açılıb
01 Dekabr 2010 Çərşənbə 11:55
Araşdırmanı Moskva şəhəri milisi aparır
Moskva şəhər milisi AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun mühafizəçilərinə qarşı cinayət işi açıb. Buna səbəb kimi mühafizəçilərin də iştirak etdiyi Moskva Dairəvi Avtomobil Yolundakı insident göstərilir.
Qeyd edək ki, Rusiya mətbuatının yaydığı məlumata görə, insident 24 noyabr tarixində Moskva Dairəvi Avtomobil Yolunun Kiyev şosesi istiqamətində baş verib. “BMW” markalı avtomobili müşayiət edən avtomobil karvanına yol vermədiyi üçün “Lexus” markalı avtomobilin sürücüsü Aleksey Smirnov mühafizəçilər tərəfindən təzyiqə məruz qalıb. Avtomobil karvanında olan “Toyota Land Cruiser” markalı avtomobil Aleksey Smirnovun idarə etdiyi “Lexus” markalı avtomobili saxlamağa məcbur edib.
Bundan sonra “Toyota Land Cruiser”dən 3 şəxs düşərək “Lexus”a hücum edib. Onlardan biri avtomobilin şüşəsini sındırıb. Digəri isə sürücünü avtomobildən çıxarmağa cəhd edib. Zərərçəkmişin sözlərinə görə, həmin şəxslər onun bahalı qızıl eynəyini çıxararaq sındırıb və üzünə çırpıblar. Bundan sonra yoldan keçən iki avtomobilin sürücüsü qaçaraq Aleksey Smirnova kömək etmək istəyib. Bunu görən mühafizəçilər öz avtomobillərinə minərək hadisə yerindən uzaqlaşıblar. Zərərçəkmiş Aleksey Smirnov mühafizəçilərin avtomobilinin dövlət nömrə nişanını yazaraq milis bölməsinə müraciət edib.
Xatırladaq ki, iş adamı Telman İsmayılov 1956-cı ildə Bakıda dünyaya gəlib. O, Rusiyada biznes fəaliyyətinə 1987-ci ildən başlayıb. Telman İsmayılovun təsis etdiyi AST Şirkətlər Qruouna ümumilikdə 32 şirkət daxildir.
DOSTLARINLA PAYLAŞ: