Susuz Bakı sakinləri yolu kəsdilər
02 İyul 2010 Cümə 12:10
"Azərsu" ASC rəsmisi problemin iki günə həll olunacağına deyir.
Bu gün Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə, yaxud Keçid 11/28-ci məhəllə adlanan küçənin sakinləri avtomobil yolunu kəsiblər. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, yolun kəsilməsinə səbəb mənzillərə 2 aydır ki, suyun verilməməsidir.
Aksiya iştirakçısı Mehriban Əliyeva ANS PRESS-ə bildirib ki, 2 aydır su daşıdığından artıq xəstəlik tapıb. Məsələ ilə bağlı dəfələrlə aidiyyati şəxslərə müraciət etsələr də, heç bir nəticə əldə etmədiklərini bildirən Yeganə Quliyeva adlı digər aksiya iştirakçısı isə yolu kəsməyə məcbur qaldıqlarını qeyd edib.
Yaranan problemlə əlaqədar hadisə yerinə gələn Səbail rayon Polis İdarəsinin əməkdaşları yolda avtomobillərin hərəkətini bərpa ediblər.
Saha sonra isə aksiya yerinə "Azərsu" ASC-nin Səbail rayonu üzrə idarə rəisi Rauf Abbaslı gəlib. Sakinlərə su anbarında kifayət qədər su olduğunu bildirən Rauf Abbaslı problemin su qurğusunun (aqreqatorun) xarab olması ucbatından yarandığını deyib. "Azərsu" ASC rəsmisi bildirib ki, bina Müdafiə Nazirliyinin balansında olduğu üçün yol, boru və digər texniki problemlərə nazirlik cavabdehdir.
“Əhaliyə suyu "Azərsu" ASC-yə satsa da, yol, boru və texniki problemlərlə Müdafiə Nazirliyi məşğul olur. Lakin biz çalışırıq ki, əhaliyə köməklik edək. Yaranmış texniki problem həll olunana qədər məhəlləyə gündə iki dəfə maşın ilə su göndəririk. O ki qaldı su yoxluğuna, buna səbəb aqreqatorun sıradan çıxmasıdır. Problem iki günə həll olunacaq. O vaxta qədər də biz sakinləri su ilə təmin etmək üçün əlimizdən gələni edəcəyik”, deyə "Azərsu" ASC rəsmisi vurğulayıb.
Vətəndaşlara gəlincə, onlar artıq bu köməkdən yararlanmaq istəmədiklərini və problem həll olunmayana qədər aksiya keçirəcəklərini vurğuladılar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: