Süni qiymət artımı ilə bağlı cinayət işi başlandı
12 Mart 2011 Şənbə 02:11
“Yumurta istehsalçıları “kartel sövdələşmə” ilə qiymətləri eyni vaxtda bahalaşdırmaqla qanunsuz olaraq külli miqdarda mənfəət əldə ediblər”.
İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətləri birgə məlumat yayıblar. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərin icrası ilə əlaqədar dövlət orqanları tərəfindən süni qiymət artımı və inhisarçılıq hallarına qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toyuq yumurtası bazarında yumurtanın istehsalı və satışının qanunauyğunluğu vəziyyəti araşdırılıç və yumurtanın pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilib. Bundan sonra, 2011-ci ilin fevral-mart aylarında toyuq yumurtasının pərakəndə satış qiymətlərində kəskin artım baş verib, fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olub və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək artaraq 0,67 manat bahalaşıb.

Aparılan araşdırmalar göstərib ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar. Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6 faiz artım baş verib. Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub.

Toyuq yumurtası istehsalçıları razılaşdırılmış hərəkətlər (kartel sazişləri) əsasında qiymətləri eyni vaxtda bahalaşdırmaq hesabına istehlakçıların mənafeyinə zərər vurmaqla qanunsuz olaraq külli miqdarda üstəlik mənfəət əldə ediblər.

Qeyd olunanlarla əlaqədar toyuq yumurtası bazarında aparılan araşdırmanın nəticələri ilə bağlı müvafiq material toplanaraq hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

“Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları bundan sonra da iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin, o cümlədən inhisarçılığın, istehlak bazarında digər məhsulların pərakəndə və topdansatış qiymətlərinin süni şəkildə artırılmasının qarşısının alınması, həmin halları doğuran səbəb və şəraitin müəyyən edilməklə aradan qaldırılması və bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimad səviyyəsində yerinə yetirmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəklər” - deyə, məlumatda bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar