Sumqayıtda su problemi
02 İyul 2010 Cümə 20:00
Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlər suya həsrətdir.
İstilər düşəndən ölkənin ayrı-ayrı istiqamətlərində su qıtlığı yaşanır. Bir damcı belə su tapılmayan ərazilərdə bir də görürsən avtoyuma məntəqələrində suyu o ki var işlədirlər. Maraqlı haldır, deməli maşın yumağa su var, bəs sakinlər üçün içməli su niyə yoxdur? Hər halda Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında məskunlaşan məcburi köçkünləri də düşündürən bu sualdır.
Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında məskunlaşan məcburi köçkünlər 3 aydır ki, ciddi su problemi ilə üz-üzədir. Şikayətçilər deyir ki, bu ilin mart ayından yaşadıqları binaya verilən suyun təzyiqi xeyli azaldılıb, bu isə yekun nəticədə ona gətirib çıxarıb ki, yataqxananın yalnız I mərtəbəsində yaşayan vətəndaşlar normal qaydada su götürə bilir. Qalan mərtəbələrə isə su qalxmır. Buna görə də, 3 aydır sakinlərin işi-gücü ancaq su daşımaqdır.
Qeyd edək ki, suyun pis verilməsindən təngə gələn bəzi sakinlər öz su xətlərinə nasos quraşdırıb, amma bu da problemi həll etməyib. Onların sözlərinə görə, borularda suyun həcmi az olduğundan onu yuxarı mərtəbələrə çatdırmaq müşkül məsələdir.
Məcburi köçkünlər deyir ki, problemin həlli üçün dəfələrlə “Azərsu” Səhmdar Cəmiyyətinin yerli şöbəsinə, eləcə də Sumqayıt Dövlət Universitetinə müraciət ediblər, amma hələ ki, ortalıqda konkret iş yoxdur.
Onu da bildirək ki, 1 saylı tələbə yataqxanasında yaşayanların problemi təkcə içməli su ilə bağlı deyil. Binanın kanalizasiya sistemi də bərbad vəziyyətdədir. Çirkab suları həyəti elə basıb ki, üfunət qoxusundan dayanmaq mümkün deyil. Amma sakinləri ən çox su qıtlığı narahat edir. Məcburi köçkünləri özündən çıxaran həm də odur ki, onlar su sarıdan əziyyət çəkdiyi halda, binanın düz qonşuluğunda yerləşən avtoyuma məntəqəsində su problemi yoxdur. Məntəqə işçiləri bildirdilər ki, onların su götürdüyü xətt Sumqayıt Dövlət Universitetinə məxsusdur. İşlətdikləri su isə texniki yox, içməli sudur. Adi çəkilən universitetdə son bir neçə ayda su ilə bağlı çətinlik olduğunu etiraf etsələr də, yataqxana binasında vəziyyətin dözülməz həddə çatmasını başqa cür izah edirlər. Universitetin baş mexaniki Sovet Məmmədovun sözlərinə görə, su qıtlığının yaranmasında məcburi köçkünlər özləri günahkardır.
“Biri bostan əkir, biri ət kəsir. Suyu nə cür gəldi istifadə edirlər. Ona görə də problem yaranır. Neçə dəfə xəbərdarlıq etmişik, xeyri yoxdur”, - deyə Sovet Məmmədov vurğuladı.
Avtoyuma məntəqəsinin fəaliyyətinə gəldikdə isə, Sovet müəllim deyir ki, burada yalnız universitetə məxsus avtomobillər yuyulur və suyun israfçılıqla işlədilməsinə imkan verilmir.
1 saylı tələbə yataqxanasının su problemi ilə əlaqədar “Azərsu” səhmdar cəmiyyətinin Sumqayıt su kanal törəmə müəssisəsinin idarə müdiri Müşfiq Əsədov hesab edir ki, sözügedən ərazidə su ilə bağlı problem ola bilməz. Olsa idi, indiyə qədər ona müraciət edərdilər, amma nə əyani şəkildə, nə də telefonla idarəyə üz tutan olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: