Sulutəpəyə gətirilən meyitlərin dəfni niyə gecikir?
26 Avqust 2010 Cümə Axşamı 19:25
7-ci mikrorayon ərazisindəki qəbiristanlığın köçürülməsinə başlanılıb.
Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində, Azərbaycan Beynəlxalq Universiteti binasının arxasındakı qəbiristanlıq Sulutəpə ərazisinə köçürülüb. Lakin qəbirlər sadəcə əraziyə atılıb. Bu barədə sakinlər ANS PRESS-ə şikayətində bildirib. “Bizi aldatdılar, dedilər ki, narahat olmayın. Qəbirlərin köçürülməsi dövlət hesabına olacaq. Bütün işləri fəhlələr görəcək. Siz heç bir iş görməyəcəksiniz. Biz də inandıq və razılaşdıq. İndi gətiriblər töküblər meyitləri Sulutədə ayrılan əraziyə. Qalmışıq çarəsiz” söyləyən Cavid Məmmədov adlı şikayətçi dərdlərini deməyə adam tapa bilmədiyini bildirib.
Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin birinci müavini Füzuli Aslanov ANS PRESS-ə açıqlamasında görülən işlərin tam qanun çərçivəsində olduğunu bildirib. Lakin məzarların Sulutəpə ərazisində dəfn olunması işinə birbaşa Bakı İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin əhalinin vətəndaşlara xidmət idarəsinin məşğul olduğunu deyib. İdarənin müdiri Cavanşir Tağıyev ANS PRESS-ə açıqlamasında qəbirlərin qazılmasında, meyitlərin dəfn olunmasında bir az gecikmələrin olduğunu qeyd edib. Gecikmələr isə vətəndaşların narazılığı ucbatından yaranıb. “Çoxu meyitin təzədən kəfənlənməsini, bəziləri isə elə tabutla basdırılmasını istəyir. Biz də hamının istəyini nəzərə alaraq iş görürük. Dünən 6 məzar qazılıb, meyitlər dəfn olunub. Bu gün də 11 meyit gətiriblər. Onlardan çoxu dəfn olunub. Axşama qədər bütün meyitlər dəfn olunacaq. Ümumilikdə 250 yaxın qəbir qazılmalıdır. Düşünürəm ki, işlər 5-6 günə tamamlanacaq”, - deyə Cavanşir Tağıyev vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: