Silah və narkotik vasitələr gətirən şəxslər tutulub
23 Noyabr 2010 Çərşənbə Axşamı 15:35
Həyata keçirilən tədbirlər zamanı ümumilikdə 61 kiloqramdan artıq narkotik vasitə götürülüb
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaq yolla daşınması ilə məşğul olan, habelə mühafizə olunan dövlət sərhədini qanunsuz keçərək Azərbaycan ərazisinə odlu silah, döyüş sursatı və soyuq silah gətirmiş şəxslər yaxalanıblar. Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumatda bildirilib. Məlumata görə, həmin tədbirlər zamanı ümumilikdə 61 kiloqramdan artıq narkotik vasitə götürülüb. MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Mahmudov Arzu Nadir oğlu Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılmış, ondan 40 kiloqram 300 qram həşiş aşkarlanaraq götürülüb.

Məlum olub ki, Arzu Mahmudov və hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən həmin həşişi İrandan Rusiyaya yola saldıqları, içərisində xurma olan yük konteynerində gizlədiblər. MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Astara rayon sakinləri – Məmmədov Vaqif Yadulla oğlu, Hidayətov Xocəhməd Ramazan oğlu və onun həyat yoldaşı Hidayətova Yaqut Kişi qızı, İbrahimov Zaur Kişi oğlu, Əhmədov Habil Məmmədhəsən oğlu və Əhmədov Mühəndis Məmmədhəsən oğlu saxlanılıblar.
Müəyyən edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni qaçaq yolla Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər. Qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, 2010-cu ilin oktyabr ayının əvvəllərində Vaqif Məmmədov satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməsinə vasitəçilik göstərməsi üçün Zaur İbrahimova müraciət edib. Zaur İbrahimov bu barədə bacısı Yaqut Hidayətova və onun həyat yoldaşı Xocəhməd Hidayətov ilə danışıb cinayət əlaqəsinə girərək Vaqif Məmmədov üçün külli miqdarda narkotik vasitə tapmağı onlara tapşırıb. Yaqut Hidayətova və Xocəhməd Hidayətov Zaur İbrahimovla ümumi razılığa gəldikdən sonra sonuncu onlara bu işin müqabilində 1500 ABŞ dolları verəcəyini vəd edib. Bundan sonra, Yaqut Hidayətova və Xocəhməd Hidayətov tanışları Habil Əhmədovla satış üçün narkotik vasitə əldə etmək barədə razılaşıblar. Habil Əhmədov Astara rayonunun Pəlikeş kəndi yaxınlığında şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşları ilə görüşüb sifariş verdikləri 21 kiloqram 106,7 qram narkotik vasitə olan həşiş qətranını onlardan təhvil alıb və yaşadığı kəndin yaxınlığındakı meşədə gizlədib.
Habil Əhmədov sonradan həmin narkotik vasitəni Yaqut Hidayətova və Xocəhməd Hidayətovun yaşadıqları Astara rayonunun Vaqədi kəndindəki evlərinə aparıb orada Vaqif Məmmədovla Zaur İbrahimova təhvil verib. Vaqif Məmmədov həmin narkotiklərin müqabilində Habil Əhmədova 11 min 750 manat və 3 min ABŞ dolları verib. Vaqif Məmmədov narkotikləri Astara rayonunun Kolatan kəndinə gətirib və yaşadığı ünvanda gizlədərkən MTN-in əməkdaşları tərəfindən saxlanılıb. Vaqif Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı 21 kiloqram 106,7 qram həşiş qətranı, həmçinin qrupun saxlanılan digər üzvlərindən biri Habil Əhmədovun üstündən isə Vaqif Məmmədov tərəfindən ona verilən 11 min 750 manat və 3 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan şəxslər barəsində müvafiq cinayət təqibi tədbirləri görülüb.

MTN tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq odlu silahı, döyüş sursatını və satış məqsədi olmadan soyuq silahı Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən, eləcə də Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirən İran vətəndaşları Nəzəri İnye Sofla Əli Qulam oğlu və Rəhimi Rüstəm Təqi oğlu saxlanılıblar.

Məlum olub ki, Əli Nəzəri və Rüstəm Rəhimi cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanın dövlət sərhədini gecə saat 02-03 radələrində pozaraq, Çexiya istehsalı olan 7,92 mm kalibrli yivli tüfəngi, həmin silaha aid 10 ədəd 7,92 mm kalibrli patronu, həmçinin uzunluğu 593 mm olan, kustar üsulla hazırlanmış metal xəncəri Azərbaycanın Yardımlı qəsəbəsinə gətiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rəhimi və Əli Nəzəri saxlanılıb, onlardan qeyd olunan odlu silah, döyüş sursatı və soyuq silah aşkar olunaraq götürülüb.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 318.2 (dövlət sərhədini qanunsuz kecmə), 228.2.1 və 228.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və soyuq silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Rüstəm Rəhimi və Əli Nəzəri təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar