Səhiyyə nazirindən özəl klinikara ağır ittihamlar
03 Dekabr 2010 Cümə 00:25
Oqtay Şirəliyev: “Burnunun çəpər əyriliyini düzəltmək üçün özəl klinikaya gələn şəxs ölməməlidir”
Səhiyyə Nazirliyində ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş iclas keçirilib. ANS PRESS-in nazirliyin internet saytına istinadən verdiyi xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev bu tədbirin təşkil olunmasında əsas səbəbin əhaliyə keyfiyyətli tibbi xidmətin təşkili üçün Səhiyyə Nazirliyi olaraq özəl tibb müəssisələrində olan bir sıra problemlərı müzakirə etmək olduğunu bildirib. Onun sözlərinə görə, əgər bir vaxtlar özəl klinikalar ölkə səhiyyəsinin çox cüzi bir hissəsini təşkil edirdisə, bu gün bu sahədə ciddi dəyişikliklər baş verib.

Nazir hazırda özəl klinikalarda stasionar, ambulator, stomotoloji - yəni səhiyyənin bütün sferalarını təşkil edən sahələrində özəl xidmətin göstərilməsini təqdirəlayiq faktor kimi dəyərləndirib. O.Şirəliyev qeyd edib ki, ölkədə fəaliyyət göstərən istər dövlət xəstəxanası, istərsə də özəl tibb müəssisəsi arasında ciddi fərq yoxdur və hər iki müəssisə insanların sağlamlığına, onların keyfiyyətli və lazımi tibbi yardım almalarına xidmət etməlidir. “Fərq sadəcə sahibkarlıq formasındadır ki, dövlət tibb müəssisələrində bütün xidmətlər pulsuz - dövlət hesabına, özəllərdə isə əksinə, ödənişli həyata keçirilir”, deyə, nazir vurğulayıb.

Səhiyyə naziri qeyd edib ki, özəl klinikalar da ölkəyə yad deyil, onların da fəaliyyəti əhalinin, habelə orada çalışan həkimlərin də xeyrinədir. Lakin bütün bunlarla yanaşı dövlətin səhiyyəyə dair qəbul etdiyi bütün qərarlar, əmrlər, protokollar özəl tibb müəssisələrindən yan keçməməlidir, sahibkarın daha çox qazanc əldə etmək arzusuna, müəssisənin maliyyələşmə formasına baxmayaraq, qayda-qanun hamı üçündür və bütün tibb müəssisələri qaydalara riayət etməlidir.

Oqtay Şirəliyev özəl sektor subyektlərinin fəaliyyətlərindəki bəzi boşluqlardan da söz açıb. Nazirin sözlərinə görə, sahibkarların iş qurarkən açdığı müəssisədən maksimum xeyir götürməyə çalışması anlaşılan olsa da, səhiyyə sahəsində istənilən qurum ən azı zərərsiz fəaliyyət göstərməyə çalışmalıdır. Nazirin fikrincə, bunun üçün özəl tibb müəssisələrinə ilk növbədə savadlı kadrlar və peşəkar həkimlər cəlb olunmalıdır ki, bu mütəxəssislər istər inzibati və təşkilati məsələlərin, istərsə də tibbi fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələ bilsinlər: "Tibb müəssisəsinin gözəl, yaraşıqlı, çoxmərtəbəli olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil. Tibb sahəsində ən əsas yeri həkim peşəkarlığı tutur".

Nazirin sözlərinə görə, bu gün ana olmaq üçün özəl tibb müəssisəsinə gələn gənc qız, yaxud onun körpəsi tələf olmamalıdır. Burnunun çəpər əyriliyini düzəltmək üçün, yaxud hər hansı bir əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir.

Nazir bildirib ki, bu gün heç olmasa sadalananların nisbi bir hissəsini əldə etməyə qadir olan özəl klinikalar belə məsuliyyətli işlə məşğul olmalıdır. “Heç kimə sirr deyil ki, laborator müayinələr çox baha başa gələn analizlərdir. Lakin bu gün istənilən özəl tibb müəssisəsində bütün növ laborator analizlər aparılır. Yoxlamalar göstərir ki, bir çox hallarda müxtəlif klinikalarda eyni analizlərin tam fərqli nəticələri olur. Bu da bəzi hallarda vaxtı bitmiş reaktivlərdən istifadə ilə bağlıdır. Əgər analiz vaxtı bitmiş reaktivlərlə həyata keçirilərsə, bilirsiniz ki, heç bir effektli müalicədən söz gedə bilməz”.

Bəzi özəl klinikalarda həddindən artıq səliqəsiz, qanunsuz iş qurulduğunu deyən O.Şirəliyev sənədləşmə işində çox böyük qüsurlar olduğunu xüsusi vurğulayıb: “Özəl müəssisəyə daxil olan xəstələrin tibbi sənədi açılmır. Yalnız xəstənin ödədiyi pulun miqdarı adi kağızda qeyd olunur. Qaydalara uyğun olaraq, pasiyentin xəstəliyi, bu günə kimi keçirdiyi xəstəliklər, patologiyaları tələb olunan formada həmin sənəddə əks olunmalıdır”.

O.Şirəliyev daha sonra özəl tibb müəssisələrinin özünüreklam işlərinin düzgün qurulmamasına, nəyin bahasına olursa-olsun, xəstələri öz klinikalarına cəlb etmək məqsədi ilə müxtəlif telekanallarda reallıqla uzlaşmayan, absurd məlumatlar verildiyini bildirib: “Müxtəlif telekanallarda çıxış edən həkimlər tam təminat verməklə, onlara tamaşa edən insanların hissləri ilə oynamamalıdır. Xoşagəlməz hallar olduğu halda, şikayətlər yenə də Səhiyyə Nazirliyinə, yəni dövlət qurumlarına gəlir” - deyə nazir bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar