Səhiyyə müəssisələrinin 21işçisi işdən çıxarılıb
08 Fevral 2011 Çərşənbə Axşamı 16:20
Onlar əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə vəzifədən azad ediliblər
Azərbaycanda səhiyyə müəssisələrinin 21 rəhbər işçisi vəzifədən çıxarılıb. Səhiyyə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, işçilər nazirlikdə 31.01.2011-ci il tarixində keçirilmiş geniş kollegiya iclasının nəticəsi olaraq azad ediliblər.
Xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə işdən çıxarılıblar. 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib.
Tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyində geniş kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev nöqsanların aradan qaldırılması işindən danışarkən deyib ki, son vaxtlar gələn şikayətlərin əsasını əvvəllər olduğu kimi müalicə və müayinə işləri deyil, əksinə həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq bəzi hallarda hətta səhlənkarlıqdır. Qeyd olunub ki, xəstəxanaların kifayətləndirici həcmdə dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, bəzi tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir. Bu barədə nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var. Belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır. Nazirliyin struktur bölmələrin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün, konkret tədbirlərin görülməsi tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: