Şəhidlər xiyabanının qarşısında yeraltı keçid inşa ediləcək
19 Fevral 2011 Şənbə 02:13
Musa Pənahov: “Bakıda 7 yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb”
“Respublikanın nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərin daha da genişləndirilməsi və iri miqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərin davam etdirilməsi 2011-ci ildə qarşıda duran əsas vəzifələrdəndir”. ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Müsa Pənahov hakim Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində deyib. Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərin məqsədyönlü şəkildə həyata keçirilməsi bütünlükdə nəqliyyat-yol kompleksinin inkişafına xidmət edəcək: “Ötən il Bakı - Ələt (4 - 14-cü km), Bakı - Qazax - Gürcüstan sərhədi avtomobil yolunun 43-cü km-i,- Cingirdağ, Bakı - Qazax - Gürcüstan sərhədi avtomobil yolunun 57-ci km-i - Qobustan dövlət qoruğu, Xocasən - Lökbatan, Ələt - Hacıqabul avtomobil yollarının tikintisi işləri davam etdirilib. Muğanlı - İsmayıllı - Qəbələ avtomobil yolunun 40 - 80-ci km hissəsinin və Gəndob - Xaçmaz - Yalama - Rusiya sərhədi avtomobil yolunun Gəndob - Xaçmaz hissəsinin təmiri layihələrinin icrasına başlanılıb. Oğuz rayonunda Xalxal çayı üzərində, Qusar-Əniğ-Ləzə avtomobil yolunda Qusarçay üzərində və Şəki rayonu ərazisində Şin çayı üzərində körpülər tikilib istifadəyə verilib. Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 16 - 134 km sahəsinin sement - beton örtüklə I dərəcəyə uyğun yenidən qurulması, bu yolun tərkib hissəsi olan Şabran şəhərinin əhatə yolunun və Dəvəçi çayı üzərində uzunluğu 540 poqon metr olan körpünün, həmçinin uzunluğu 34 km olan Gəndob - Quba yolunun tikintisi başa çatdırılaraq istismara verilib. Bakı - Ələt - Gürcüstan sərhədi avtomobil yolunun Ucar - Yevlax və Qazax - Gürcüstanla dövlət sərhədi hissələrində işlər başa çatdırılıb, həmin yolun Bakı - Ələt, Kürdəmir - Ucar, Yevlax - Gəncə avtomobil yolunun 0 - 50-ci km hissəsi, Gəncə-dairəvi, , Ələt - Astara - İran ilə dövlət sərhədi, Bakı - Rusiya ilə dövlət sərhədi avtomobil yollarında və Bakı - Şamaxı - Muğanlı avtomobil yolunun Şamaxı - Muğanlı hissəsində yenidənqurma işləri davam etdirilir. Bakı - Şamaxı - Muğanlı - Yevlax avtomobil yolunun Muğanlı - Yevlax hissəsi və Tağıyev-Sahil avtomobil yollarında tikinti işlərinə başlanılıb, Yevlax - Gəncə avtomobil yolunda əlavə 2 zolağın tikintisi işlərinə başlanılıb və yol yatağında torpaq işləri yerinə yetirilib”.

Musa Pənahov məlumat verib ki, Bakıda Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin (“Əzizbəyov” dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının sonuncu mərhələsində və Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işləri davam etdiriləcək: “Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh - Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, “Azneft” meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb”.

Nazir müavinin sözlərinə görə, respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə, “Təhlükəsizlik Kəmərlərindən İstifadə” olunmasının vacib olmasını təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə “Yol-Qəza Tibb Xidməti”-nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar