“Sədərək” və “Binə” yarmarkalarına giriş pullu olacaq
04 Sentyabr 2010 Şənbə 03:40
“Sədərək” və “Binə” yarmarkalarına giriş pullu olacaq. Maşın keçid məntəqəsinə daxil olarkən sürücülər bilet götürəcək, çıxarkən isə bileti verib 50 qəpik ödəyəcəklər.
“Sədərək” və “Binə” ticarət mərkəzlərinə (TM) maşınlar ancaq avtomatlaşdırılmış keçid məntəqəsindən daxil olacaq. Hələlik bu sistem tam işə düşməsə də, sürücülər bu yeniliyi “Sədərək” TM-də gələn həftə, “Binə” TM-də isə yaxın 2 həftə ərzində müşahidə edəcəklər. Maşın avtomatlaşdırılmış keçid məntəqəsinə daxil olarkən sürücülər kassadan bilet götürəcək, çıxarkən isə saatından asılı olmayaraq bileti verib 50 qəpik ödəyəcəklər. Yenilikdən sadəcə sürücülər istifadə edəcək.
“Sədərək” TM-nin avtopark sisteminin nəzarətçisi Rəşad Qədimov bildirir ki, sürücülərin narahat olmağına heç bir əsas yoxdur. Çünki keçid sistemindən istifadə edən sürücülərdən yalnız müştərilər bilet vasitəsi ilə keçəcəklər və bunun üçün 50 qəpik ödəyəcəklər. Ticarət mərkəzinə işləyən avtobuslar isə avtomatlaşdırılmış keçid məntəqələrinin kənarında ayrılmış xüsusi yoldan keçəcəklər və avtobus sürücüləri ticarət mərkəzinə daxil olmaq üçün ödəniş etməyəcəklər. Ticarət mərkəzində çalışan sahibkarlar da bu xüsusda diqqətdən kənar qalmayıblar. “Ticarət mərkəzində çalışan sahibkarlara xüsusi kart verəcəyik. Onlar üçün müştərilərdən fərqli olaraq güzəştli şərtlər, sərfəli variant olacaq. Pulunu ödədikdən sonra onlar bir ay ərzində kart vasitəsi ilə istədiyi qədər daxil olacaq və çıxacaq”.
Keçid məntəqəsindən içəri daxil olduqdan sonra sürücülər istənilən boş yerdə maşınlarını saxlaya biləcəklər. Artıq burada parkovka üçün onlardan pul alınmayacaq.
Qeyd edək ki, “Sədərək” TM-nin 3 giriş-çıxışı var və bunların hər üçündə avtomatlaşdırılmış keçid məntəqəsi qoyulub. Müştərilər və sahibkarlar istənilin girişdən daxil olub istəniləndən də çıxa bilərlər.
Hazırda dairəvi yolda təmir işləri getdiyindən bütün avtomobillər ticarət mərkəzinin yollarından istifadə edir. Amma Rəşad Qədimov deyir ki, sistem işə düşdükdən sonra kənar maşınlar bu yoldan ya istifadə etməyəcək, ya da müştərilər üçün olan qaydalar onlara da tətbiq olunacaq. Ağırtonajlı maşınlara isə ümumiyyətlə icazə verilməyəcək. Çünki bu maşınların hərəkəti qısa zaman kəsiyində yolun dağılması ilə nəticələnir ki, bu da ticarət mərkəzinin budcəsinə zərər deməkdir. Yəni yolların təmirini özləri yerinə yetirdikləri üçün qayğısına da qalmaq məcburiyyətindədirlər. Quraşdırılan avtomatlaşıdırılmış sistemin avadanlıqları isə Türkiyədən və Almaniyadan gətirilib.
Avtomatlaşdırılmış keçid məntəqələri “Binə” TM-də də quraşdırılır. Amma burada keçid məntəqələrində istifadə olunan materialların hamısı yerli materiallardır. “Bina” TM avtoparkının müdiri Bəxtiyar Rəhmanov deyir yerli mal olan yerdə xaricdən gətirilənə nə ehtiyac? Amma müştərilərin tam rahatlığını nəzərə alıb keçid məntəqələrinin sayının hazırda 17 olacağı nəzərdə tutulub və bu gələcəkdə artırıla da bilər. Qiymətlərə gəlincə burada da avtobuslar pulsuz, sahibkarlar güzəştli kartlarla, müştərilər isə 50 qəpik ödəməklə ticarət mərkəzinə daxil ola biləcəklər.
Bundan başqa daxil olan maşınların təhlükəsizliyini təmin etmək üçün nəzarətçilər olacaq. Avtomobil sahibləri bunun üçün heç bir ödəniş etməyəcəklər. Yəni, nəzarətçilərə avtopark xidməti özü aylıq əməkhaqqı ödəyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: