Sahibkarların əsassız yoxlanılmalarının qarşısı alınacaq
19 Fevral 2011 Şənbə 22:29
Bu barədə qanun təsdiq edilməsi subyektivliyin aradan qalxacağını proqnozlaşdırır.
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası" haqqında əsasnamənin təsdiq edilməsi əsassız yoxlamaların qarşısını alacaq. Parlamentin iqtisadi siyasət komitəsinin sabiq üzvü Nazim Məmmədovun sözlərinə görə, bundan ən çox qazanan sahibkarlar olacaq. İndiyə qədər sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin böyük əksəriyyətinin dövlət orqanlarının və məmurların korporativ maraqlarına xidmət etdiyini deyən Nazim Məmmədov bununla subyektivliyin aradan qalxacağını proqnozlaşdırır.

“Yoxlama lüzumsuz yox, lazımdır. Bundan başqa, orqanlar onlara da nəzarətin olduğunu biləcəklər. Onlar da məsuliyyət hiss edəcək və psixoloji olaraq bu işlərindən çəkinəcəklər. Məmurların korporativ maraqları arxivə keçiriləcək”,- deyə iqtisadçı-ekspert Nazim Məmmədov bildirib.

On altıdan artıq qurumun iş adamlarının yoxladığını xatırladan cənab Məmmədov bundan sonra həm yoxlayıcı qurumların nəzarət tədbirlərinin azalacağını da bildirib. O, lisenziyaların sayının azaldılması, onların müddətsiz və vahid orqan tərəfindən verilməsini təklif edir. İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov əsasnamənin təsdiqlənməsi haqqında fərmanın ölkədə investisiya mühitinin daha da yaxşılaşmasına gətirib çıxaracağı fikrindədir. Bununla hər bir nəzarət tədbirinin qeyd-şərtsiz qeydiyyata alınacağını söyləyən şöbə müdiri hansı qurumun harada və nə vaxt yoxlama apardığının açıq olacağını qeyd edib: “Bütün məqamlar qeyd olunan reyesterdə aparılacaq. Yoxlayıcı orqanın öhdəliyinə reyestrdən çıxarışı təqdim etmək vəzifə olaraq qoyulub. Yalançı yoxlayanların, əsassız yoxlamaların qarşı alınacaq”.

Əsasnamədə 5 iş günü ərzində yoxlamanın nəticəsi barədə məlumatlar, eləcə də iş adamlarının qeyd və iradlarının reyestrdə yerləşdirilməsi tələbi də öz əksini tapıb. Sənədin təsdiq edilməsi barədə fərmanda sahibkarların maraqlarının qorunması haqqında yeni qanun layihəsinin hazırlanmasıyla bağlı tapşırıq da verilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi hər bir yoxlam ilə bağlı təhlillər aparıb, faktları ümumiləşdirib, prezidentə və Nazirlər Kabinetinə rübdə bir dəfə ətraflı məlumat hazırlamalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar