Şabran dairəvi yolunun açılışı olub
12 Avqust 2010 Cümə Axşamı 13:45
Prezident İlham Əliyev Şabran dairəvi yolunun açılışı mərasimində iştirak edib.
Bu gün prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun üzərində yerləşən Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak edib.

Mərasim zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, körpünün ümumi uzunluğu 540 metr, eni 23 metr, hündürlüyü isə 18 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınıb. Körpünün üzərindəki ayırıcı zolaqda paslanmayan metaldan düzəldilmiş 23 işıq dirəyi quraşdırılıb.

Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilib. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir. Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanıb. Baş verə biləcək sel və daşqın sularının tənzimlənməsi üçün burada beton istinad divar nizamlayıcı sistem yaradılıb.

Körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilirdi. Bu ərazidə 4 milyon kubmetr torpaq işi görülüb, Şabran şəhərini su ilə təchiz edən, hər birinin tutumu 500 kubmetrlik üç su anbarı sürüşmə ərazisindən köçürülərək daha təhlükəsiz yerdə inşa edilib. Ərazidəki qaztənzimləyici məntəqə də təhlükəsiz yerə köçürülüb.

Bütün bu işlərdən sonra müasir standartlara cavab verən yol çəkilib və körpu ilə birləşdirilib. İlham Əliyev açılışı bildirən lenti kəsib, inşaatçıları təbrik edib, görülmüş işləri yüksək qiymətləndirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar