Sabirabadın kəndlərində ciddi narazılıq yaranıb
10 İyul 2010 Şənbə 22:55
Sabirabad İcra Hakimiyyəti isə əhalinin ittihamlarını əsassız hesab edir.
Sabirabadda baş vermiş təbii fəlakətdən iki ay keçməsinə baxmayaraq, hələ də bu rayonun 4 kəndi su altındadır. Amma tamamilə su altında qalan və sonradan suyu çəkilən kəndlər də var. ANS-in fəlakət zonasına ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Mürsəlli kəndində bir ay bundan əvvəl quru yolu olmasa da, hazırda burda su tamamilə çəkilib, çadırlarda və rayonun inzibati binalarında məskunlaşmış əhali evlərinə qayıdıb.

Ümumiyyətlə, sonradan evlərinə qayıtmış Şıxlar, Ulacalı və Mürsəlli kənd sakinlərinin bir sıra problemləri var. Təbii fəlakətdən sonra həyətyanı sahələri, bostan yerləri, əkin-biçinləri məhv olmuş işsiz sakinlərin başqa qazanc yerləri də qalmayıb. Bu isə kənddə ciddi narazılığa səbəb olub. İndi gözləri dövlətdən gələn yardımda olan kənd sakinləri bu yardımlara əl uzandığını iddia edir. Əhali onlara kompensasiya verilməsini, kənddə yaşamaq üçün müəyyən şəraitin yaradılmasını, ayda bir dəfə də olsun problemlərini deyə biləcək bir şəxsin onlarla maraqlanmasını istəyir.

Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov isə kənd camaatının ittihamları ilə razılaşmır: ”Söylənilən ittihamlarla mən razılaşmıram, onlar əsasızdır. Bu gün Sabirabad rayonunda, fəlakət zonasında 21 kənddə 2797 ailədən 12934 nəfərə Fövqaladə Hallar Nazirliyinin xətti ilə ərzaq yardımı verilir. Verilən ərzaqlar bir həftə ərzində hər bir nəfərə düşən müxtəlif çeşidli məhsullardır. Hesab edirəm ki, verilən ərzaqlar son dərəcə keyfiyyətli, yeni məhsullardır. Bir həftəlik normalarda heç bir problem yoxdur”.

Vəfadar Bağırov deyib ki, bugünədək verilən ərzaq məhsullarının kefiyyəti ilə bağlı rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilməyib. İcra Hakimiyyətinin ANS-ə təqdim etdiyi adambaşına həftəlik verilən ərzaq məhsulunun siyahısına əsasən, bir həftə ərzində adambaşına 2 kq un verilir. Kənd sakinləri isə bu rəqəmin 250 qram olduğunu bildirir.

Qeyd edək ki, hazırda Sabirabad şəhərində 3 orta məktəbdə su altında qalan 4 kəndin sakinləri yaşayır. İcra Hakimiyyəti inzibati binalarda qalan kənd sakinlərini ərzaq, tibbi ləvazimat, gündəlik ehtiyaclarla təmin etdiklərini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar