Sabirabad yol və təbii qaz problemi ilə üzləşib
10 İyul 2010 Şənbə 18:35
Sabirabad yol və təbii qaz problemi ilə üzləşib. Selin nəticələri qalmaqdadır.
Təbii fəlakətdən sonra Sabirabadda bir sıra problemlər meydana çıxıb. ANS-in fəlakət zonasına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunlardan əsası isə yol və təbii qaz məsələsidir. Sel zamanı ağır tonnajlı maşınla beton piltələr daşınıb və təbii ki, bu da yolların dağılmasına səbəb olub. İndi bu yollarla minik avtomobillərinin hərəkəti həqiqətən də fəlakətdir.

Eyni zamanda artıq iki aydır ki, rayonun böyük bir hissəsində təbii qaz yoxdur. Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Vəfadar Bağırov ANS-ə bildirib ki, insanlar kəndə qayıdarkən onların işıq və yol problemi həll olunacaq: ”Sabirabadda cari yollarda təmir işləri aparılır. Sözsüz ki, qarşıdakı müddətdə də əsaslı təmir işləri nəzərdə tutulub. Kəndlərdə də işıq, su, yol problemi həllini tapır”.

Xatırladaq ki, Kür çayının iki ay əvvəl daşması nəticəsində hazırda Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Yuxarı Axtaçı və Əsgərbəyli kəndləri hələ də tamamilə su altındadır. Bu kəndlərin quru ilə əlaqəsi yoxdur. Kəndlərə yalnız qayıqla getmək mümkündür. Fəlakətdən əvvəl bu kəndlərdə 3500-ə yaxın insan yaşayıb. Hər 4 kənddə həyat ümumiyyətlə yoxdur. Evlər su içərisindədir, təsərrüfat məhv olub, bar verən ağaclar quruyub.

Saatlı rayonunun Novruzlu kəndində isə suyun səviyyəsi nisbətən aşağı düşsə də, hələlik kənd caamatı qayıqla gəzir. Kənddə yaşayış yoxdur, sakinlər suyun səviyyəsinin nisbətən aşağı düşdüyü ərazilərdə evlərinə baş çəkir. Novruzlu kəndinin kənarından yeni yol çəkmək mümkün olub.

Həm Sabirabaddan, həm də Saatlının su basmış kəndindən köçürülən əhali əvvəlcə Sabirabadda və Şirvan şəhərində çadırlarda, eləcə də məktəb və baxçaların binalarında məskunlaşdırılmışdı. Artıq bir neçə gündür çadır şəhərciyində yaşayan insanlar inzibati bınalara köçürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar