Sabah “CİPS-2010” sərgisi başlayır
22 Noyabr 2010 Bazar Ertəsi 14:45
Bakıda 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək
Sabahdan etibarən noyabr 26-na kimi ilk dəfə olaraq “Bakı Ekspo” sərgi mərkəzində “CIPS-2010” 3-cü Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi keçiriləcək. Regionda təhlükəsizlik üzrə yeganə ixtisaslaşmış sərgi olan "CIPS" təkcə məhsulların təşviqi, ticarət nişanlarının inkişaf etdirilməsi, bazarın öyrənilməsi məkanı deyil, həm də məlumat mübadiləsi, ideyaların formalaşması, gündəlik həyatda və istehsalatda mövcud olan təhlükələrə qarşı birgə səy göstərməklə mübarizə aparmaq imkanlarının axtarışı üçün mərkəz rolunu oynayır.
Bu sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər. “Iteca Caspian”dan ANS PRESS-ə verilən məlumata görə, sərgi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. 2010-cu ilin payız sərgisinin tərəfdaşları qismində isə “Azerfon-Vodafone”, “Paşa Sığorta”, “Caspel”, “Greenwich Travel Club”, “SIAR” şirkətləri və “Qafqaz Point” mehmanxanası çıxış edirlər.
Bu il sərgidə Azərbaycan, İtaliya, Çin, Rusiya, Türkiyə, ABŞ, Fransa və Çexiyadan 22 şirkət iştirak edir. Sərgi ekspozisiyasını avadanlıqların ən yeni nümunələri, müasir texnologiyalar və təhlükəsizliyin təmin olunması üzrə demək olar ki, bütün sahə və sektorlarda əldə edilən ən son nailiyyətlər və layihələr təşkil edəcək.
Sərginin ən iri bölməsi – texniki vasitələr və təhlükəsizlik sistemləri olacaq. Sərgidə ayrıca bir bölmə olaraq, yanğın təhlükəsizliyi üzrə modullu sistemlər və onların yaşayış və qeyri-yaşayış binalarında tətbiqi üçün həll variantları nümayiş olunacaqdır. Sərginin mövzusu bank sektorunun mütəxəssisləri üçün təklifləri də əhatə edir. Bu bölmədə ən yeni informasiya təhlükəsizliyi təminatı vasitələri nümayiş etdirilir: informasiya sistemlərinin məsafədən mühafizəsi, internetə təhlükəsiz giriş, şəxsi məlumatların qorunması, informasiya mənbələrinə təhlükəsiz giriş, təhlükəsiz fəaliyyətlərdə avtomatlaşdırılmış sistemlər, “insayder” (şirkət daxilində məxfi məlumatlara daxil olmaq istəyən qanun pozucuları) fəaliyyətlərindən mühafizə və s. İlk dəfə olaraq, “СIPS” sərgisində gömrük və sərhəd-nəzarət məntəqələrində tətbiq edilən ən yeni avadanlıqlar və texnologiyalar nümayiş etdiriləcək. Xüsusi bölmədə narkotik vasitələrin aşkar edilməsi üçün xüsusi avadanlıqlar təqdim olunacaq. Daha bir yenilik isə neft-qaz sənayesi üçün cihaz və ölçü avadanlıqlarının təqdimatı olacaq.
DOSTLARINLA PAYLAŞ: