Sabah bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 Dekabr 2010 Şənbə 13:45
Məqsəd Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etməkdir
Heydər Əliyevin vəfatının 7-ci ildönümü mərasimi ilə əlaqədar Bakı şəhərinin bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
V. Əsədov bildirib ki, mərhum prezidentin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan başlayaraq Fəxri Xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Ziyarət başa çatanadək M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M. Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. V. Əsədov paytaxt sürücülərini qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Bakı şəhər Baş Polis İdarəsindən isə APA-ya bildirilib ki, paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq və anım mərasimlərinin təşkil olunduğu ərazilərdə polis naryadlarının sayı artırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar