Rouminq azaltmaq üçün mobil operatorlara təzyiq olunacaq
23 Noyabr 2010 Çərşənbə Axşamı 13:55
Regional Rabitə Birliyi (RRB) üzv ölkələrdə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tarifləri ilə ciddi məşğul olmaq niyyətindədir.
APA-ECONOMICS”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, rouminq tariflərinin aşağı salınması RRB-nin Rabitə Administrasiyaları rəhbərlərinin bu gün Bakıda keçirilən 43-cü iclasında geniş müzakirə olunub: “Bununla bağlı işçi qrupun yaradılması və məsələnin gələn iclasda da geniş müzakirəsi gözlənilir. Artıq gələn ilin ilk yarısında bu işlərin nəticəsini bütün abunəçilər hiss edəcəklər”.

Ə.Abbasov qeyd edib ki, hazırda rouminq qiymətləri bazar mühitində tənzimlənir: “Rouminq qiymətlərinin də problemi odur ki, bir ölkədən yox, digər ölkədən və mobil operatorlardan da asılıdır. Demək olar ki, bütün ölkələrdə bu qiymətlər dövlət tərəfindən tənzimlənmir. Ona görə də bir qədər əvvəl MDB Hökumət Başçıları Şurasının iclasında da belə qərar çıxarılıb, həmçinin RRB də qərara gəlib ki, bu məsələlərlə məşğul olsun. Çünki RRB-nin mobil operatorlara təsiri böyükdür, həmçinin birliyin nəzdində beynəlxalq oeratorların şurası da var. Ona görə də hesab edirik ki, rouminqlə bağlı məsələləri həll etmək mümkün olacaq. Ölkələrin də hamısı bu məsələyə çox ciddi yanaşırlar. Biz qərara gəldik ki, RRB-yə daxil olan ölkələri əhatə edən təkliflər veriləcək, operatorlara müəyyən dərəcədə qanun çərçivəsində təzyiqlər ediləcək ki, rouminq qiymətlərini aşağı salsınlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar