Ramstore adını dəyişir
14 Mart 2011 Bazar Ertəsi 16:51
Bundan sonra “Bazarstore” adlanacaq satış şəbəkəsi fəaliyyətini yeni konsepsiya ilə davam etdirəcək
Azərbaycanın ən böyük ticarət şəbəkələrindən biri olan “Ramstore” adını dəyişir. Bundan sonra “Bazarstore” adlanacaq satış şəbəkəsi fəaliyyətini yeni konsepsiya ilə davam etdirəcək.
“Bazarstore” marketlər şəbəkəsinin baş direktoru Ruslan Əliyev bildirib ki, şirkətin atdığı ilk addım qiymətlərin aşağı salınması olub. Son bir neçə gün ərzində şəbəkədəki malların qiymətləri 25 faizədək ucazlaşdırılıb. Ucuzlaşma həm ərzaq, həm də qeyri-ərzaq malları olmaqla ümumilikdə burada satılan 15 min adda məhsulun 8 minə qədərini əhatə edib. Başqa sözlə şəbəkə vasitəsilə satılan malların 60% qədərində qiymətlər 25%-dək aşağı düşüb.
Baş direktorun sözlərinə görə, şəbəkənin əvvəlki sahiblərindən fərqli olaraq “Bazarstore” buna bəzi xərcləri azaltmaq və daha effektiv marketinq siyasəti sayəsində nail olub. Belə ki, ilkin araşdırmalar göstərib ki, əvvəlki idarəçilər bəzi sahələrə (məsələn, mühafizəyə) lazım olduğundan artıq vəsait sərf edir, istehsalçı şirkətlərdən malı optimal qiymətlərlə ala bilmirdilər: «Bizdə isə bu iş daha yaxşı təşkil olunub, bu isə xərcləri optimallaşdırmağa və qiymətləri aşağı salmağa imkan verir».
Satılan malların çeşidində də dəyişikliklər var. Məsələn, ilk növbədə burada ət satışına başlanıb. Bəzi məhsullar, o cümlədən süd və toyuq məhsullarının çeşidləri artıb və s. Bundan başqa R.Əliyev bildirib ki, şəbəkədə ancaq xüsusi nəzarətdən keçmiş mallar satılacaq: “Şəbəkənin endirimlərə indi başlaması təsadüfi deyil. “Bazarstore” Novruz Bayramı ərəfəsində alıcılara digər yerlərdən daha aşağı qiymətlər təklif edir”.
“Bazarstore” rəhbərliyi yaxın gələcəkdə şirkətdə gözlənilən yenilikləri də açıqlayıb. Belə ki, ilin sonunadək biri Bakıda, digəri Gəncədə olmaqla şirkətin daha iki mağazası açılacaq. Hələlik Bakıda bunun harada olacağı bilinmir. Amma şirkət rəsmiləri yeni marketin əhalinin sıx olduğu ərazidə açılacağını bildirib, buna misal olaraq Əhmədli, Yasamal, Qaradağ və s. ərazilər göstərilir. Hazırda 65 işçisi olan “Bazarstore”un Bakıda 3 mağazası var. Rebrendinq prosesinin – “Ramstore” brendinin “Bazarstore” ilə əvəz olunmasının isə 2 aya başa çatdırılması planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: